30 sentyabr tarixində İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfəri çərçivəsində Cənab Prezident İlham Əliyevlə keçirilən görüş və verilən birgə bəyanat iki ölkə arasında münasibətlərin strateji mahiyyətini bir daha nümayiş etdirdi. Azərbaycan–İtaliya əlaqələri bu gün sadəcə diplomatik münasibətlər səviyyəsini deyil, həm də qarşılıqlı etimada, dərin iqtisadi və humanitar əməkdaşlığa əsaslanan əsl strateji tərəfdaşlıq modelini təcəssüm etdirir.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.” Bu fikrin arxasında yalnız enerji və iqtisadi maraqlar deyil, həm də qarşılıqlı hörmət, tarixi dostluq və ortaq dəyərlər dayanır. 2022-ci ildə Romada imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətlərin siyasi və hüquqi əsasını daha da möhkəmləndirmişdir.
Azərbaycan və İtaliya arasında əməkdaşlığın əsas sütunlarından biri enerji sektorudur. Cənab Prezident İlham Əliyev bəyanatında xüsusi vurğuladı ki, 2020-ci ildən etibarən TAP (Trans-Adriatik Qaz Kəməri) layihəsi vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac olunur. Bu, Azərbaycanın Avropa enerji bazarına etibarlı və sabit tərəfdaş kimi mövqeyini daha da gücləndirib.
TAP layihəsi, Cənub Qaz Dəhlizinin ən mühüm hissələrindən biri olaraq, İtaliyanı enerji təchizatında şaxələndirmə imkanı ilə təmin edir. Eyni zamanda, bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasına tam uyğun şəkildə həyata keçirilmişdir. Azərbaycan qazının İtaliyaya, oradan isə digər Avropa ölkələrinə ötürülməsi təkcə iqtisadi deyil, həm də geosiyasi sabitliyin təminatında mühüm faktor kimi çıxış edir.
Bu gün İtaliya Azərbaycanın Avropadakı əsas enerji tərəfdaşlarından biri olmaqla yanaşı, həm də regionda sabitlik və davamlı inkişafın təmin olunmasında önəmli rol oynayır.
Prezidentlərin bəyanatında diqqət çəkən mühüm məqamlardan biri də İtaliya–Azərbaycan Universitetinin yaradılması ilə bağlı idi. Bu ali təhsil ocağı iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən bu layihə gənclərin Avropa təhsil sisteminə inteqrasiyasına, elmi mübadilənin genişlənməsinə və mədəni əlaqələrin möhkəmlənməsinə ciddi töhfə verəcək.
Universitetin fəaliyyətə başlaması həm də İtaliya ilə Azərbaycanın ortaq humanitar platformasının rəmzi olacaq – bu platforma elm, mədəniyyət və müasir texnologiyaların birləşdiyi yeni bir əməkdaşlıq modeli formalaşdıracaq.
Cənab Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, “İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik.” Bu fikir, İtaliyanın Azərbaycanın Avropa ilə münasibətlərində vasitəçi və dəstəkçi ölkə rolunu bir daha təsdiqləyir.
Azərbaycan və Avropa İttifaqı arasında enerji, nəqliyyat, ticarət və yaşıl keçid sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində son illərdə atılan addımlar İtaliyanın da aktiv iştirakı ilə həyata keçirilir. Avropa İttifaqı–Azərbaycan əlaqələrinin müsbət dinamikası, xüsusilə Brüsseldə keçirilən dialoqlar, həm siyasi, həm də iqtisadi baxımdan yeni imkanlar açır.
İtaliyanın bu münasibətlərdə oynadığı konstruktiv və balanslı mövqe həm Azərbaycanın milli maraqlarına hörmətin ifadəsidir, həm də regionda sabitlik və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Cənab Prezident İlham Əliyev və Prezident Sercio Mattarellanın görüşü, iki ölkə arasında mövcud əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar açdı. İstər enerji, istər təhsil, istərsə də mədəni sahələrdə əldə olunan razılaşmalar, Azərbaycanın Avropa məkanında etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqlədi.
Azərbaycan–İtaliya münasibətləri bu gün regional sabitliyin, qarşılıqlı inamın və səmimi dostluğun bariz nümunəsidir. Bu strateji əməkdaşlıq təkcə iki ölkə üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlığın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
Nicat İsmayılov
YAP Yasamal rayon təşkilatı “Akim Abbasov küç.73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri