1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi.
1993-cü ilin 3 oktyabrında Ulu Öndərin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesinin başlanğıcı qoyuldu. Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətin sükanı arxasına keçən Ulu Öndər hər şeyi sıfırdan başlayaraq, ölkədə ictimai-siyasi sabitliyin bərpası, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində qısa müddətdə inanılmaz nəticələrə nail oldu. Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətinə qarşı olan daxili və xarici qüvvələrin arzusunu ürəyində qoyan sipərə çevrildi. Azərbaycanın nicatı Heydər Əliyev ideyalarındadır. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Təkcə bir tarixi fakta nəzər yetirmək kifayətdir ki, Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsindən sonra bir neçə dövlət çevrilişi cəhdinin və Ermənistan silahlı qüvvələrinin xain hücumlarının qarşısı alındı. Çox qısa zamanda ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində ciddi irəliləyişlərə nail olundu. Ulu Öndər Ali Baş Komandan kimi Horadiz əməliyyatı ilə ordumuzun qürurunu bərpa etdi və 30 il sonrakı tarixi zəfərin təməlini qoydu.
Ümummilli Lider cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar edərək dövlətimizin sosial-iqtisadi yüksəlişinə yol açan ciddi islahatlara start verdi. Dahi dövlət xadiminin heyrətamiz siyasi ustalıqla reallaşdırdığı “Əsrin müqaviləsi” Azərbaycanın diplomatik cəbhədə və iqtisadi sektorda yüksəlişinin əsası hesab edilə bilər. Ümummilli Liderin siyasi uzaqgörənliyinin təsdiqi olan bu sənəd gələcək illərdə həm dövlətin iqtisadi qüdrətinin, həm də beynəlxalq nüfuzunun bazasını yaratdı. Bütün bu proseslərlə, iqtisadi yüksəlişlə yanaşı, Ulu Öndərin yürütdüyü siyasətdə milli- mənəvi məsələlər də mühüm əhəmiyyət kəsb edirdi. Ümummilli Lider üçün müstəqil Azərbaycan dövlətinin təməl ideyasını azərbaycançılıq məfkurəsi təşkil edirdi. Əsası məhz dahi rəhbər tərəfindən qoyulan və 1993-cü il 3 oktyabr seçkilərindən sonra dövlət ideologiyasının əsas xətti kimi həyata keçirilən azərbaycançılığın əsasını hər birimizin öz milli mənsubiyyətinə görə qürur hissi keçirməsi təşkil edir. Bu amalın da əsasında heç şübhəsiz qüdrətli dövlət quruculuğu dayanır. Ümummilli Liderin 10 illik prezidentlik dönəmində qüdrətli dövlət üçün bütün hüquqi və siyasi təməllər yaradıldı, gələcək hədəflər müəyyələşdirildi. Bu təməllər üzərində güclü Azərbaycanın qurulmasını da məhz Ulu Öndərin xalqın istiqamətləndirdiyi yol müəyyənləşdirdi.
Ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlətin möhkəm təməli Heydər Əliyevin memarlığı ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə qoyuldu. Konstitusiya bütün dünyaya bir daha bəyan etdi ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının suveren hüququdur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.
Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə bütün həyatını həsr etdiyi Azərbaycanın gələcəyini özünün siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevə etibar etməklə bütövlükdə xalq və dövlət olaraq gələcək inkişafımızı əbədi təmin etmiş oldu. Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğunu zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə tariximizin qələbə və şərəf salnaməsini yazdı. Bu gün Ümummilli Liderimizin arzusu olan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub.
Xalqımız 32 il öncə milli qurtuluş yolu olaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi xoşbəxtliyini yaşayır. Zaman 3 oktyabr seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq etdi.
Dövlətimizin başçısının rəhbərliyi ilə əldə olunan tarixi uğurlar, böyük hərbi-siyasi qələbələr, nəticədə 30 illik işğala son qoyulması, regionda diqtə edən gücə çevrilməyimiz də məhz Heydər Əliyev yolunun, strategiyasının yeni, daha müasir mərhələyə yüksəldərək uğurla davamı və realizəsidir.
Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri