Türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatı olan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XII Zirvə görüşü tarixi əhəmiyyət daşımaqla hazırkı geosiyasi çağırışlar fonunda TDT-nin sülhün və sabitliyin təmin olunmasında birgə səylər göstərmək niyyətini nümayiş etdirir. Azərbaycanın xarici siyasəti türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsini prioritetləşdirir. Prezident İlham Əliyevin Zirvə görüşlərindəki çıxışları və təşəbbüsləri TDT-ni yalnız mədəni yox, həm də ciddi geosiyasi mərkəzə çevirməyə hədəfləyir. Qəbələdə keçirilən XII Zirvə Görüşündə sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi də ölkənin bu təşkilatdakı liderlik mövqeyinin rəsmi təsdiqidir. Görüşdə səsləndirilən fikirlər bir daha göstərdi ki, artıq Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, geosiyasi mərkəzə çevrilmiş strateji güc birliyidir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.”
Əsası 2009-cu ildə imzalanan Naxçıvan sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı Türk Dünyası ölkələri arasında əməkdaşlığı dərinləşdirmək məqsədilə qarşısında dayanan vəzifələri reallaşdırmaq istiqamətində uğurlu inkişaf yolu keçib. Azərbaycan həmişə Türk Dünyası ölkələri arasında siyasi, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əsas aktoru və hərəkətverici qüvvəsi kimi çıxış edib. Qəbələ Zirvəsi isə bu sənədin ruhuna uyğun olaraq vahid təhlükəsizlik məkanının möhkəmləndirilməsi yolunda mühüm mərhələ oldu. Cənab Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğuladı: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir.” Azərbaycanın təşəbbüsü ilə 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi də bu istiqamətdə yeni addımdır. Bu təşəbbüs, əslində, bölgənin müdafiə gücünün birləşdirilməsini və gələcəkdə mümkün təhdidlərə qarşı kollektiv təhlükəsizlik modelinin formalaşdırılmasını nəzərdə tutur.
Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşü “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirildi. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işləri və əldə olunmuş nailiyyətləri qiymətləndirdilər, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Zirvə görüşündə quruma müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak etdilər. Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.
Dövlətimizin başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında diqqəti bir sıra mühüm məqamlara yönəltdi. Azərbaycanın 20 milyard dollardan çox sərmayə qoyduğu Türk ölkələri iqtisadi əməkdaşlığın səmərəli modelini nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu vəsaitlərin əsas hissəsi Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə fondlara yönəlib. Bu, təkcə maliyyə axını deyil, həm də birgə inkişaf fəlsəfəsi deməkdir. TDT çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsi türk dövlətlərini dünya iqtisadi sistemində vahid güc mərkəzinə çevirəcək.
Hər bir tədbirdə Prezident İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsidir. Zirvə görüşü bu baxımdan da diqqətdə oldu. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, qardaş ölkələr Qarabağın və Şərqi Zəngəzurun bərpasında fəal iştirak edirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin, Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi olan məktəbin, eləcə də Füzuli məscidinin tikilməsi türk həmrəyliyinin parlaq nümunələridir. Bu layihələr təkcə tikinti deyil, mənəvi birliyin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlığın rəmzidir. Türk dövlətlərini birləşdirən mənəvi dəyərlər həm də xalqların gələcək inkişafına ideoloji istiqamət verir. Azərbaycan bu mənəvi inteqrasiyanın mərkəzində dayanaraq, həm tarixi ənənələri qoruyur, həm də müasir dövrün çağırışlarına cavab verən mədəni platformalar yaradır. Bu baxımdan, Azərbaycan dilinin, ədəbiyyatının, musiqisinin və incəsənətinin bütün türk coğrafiyasında tanıdılması, gənclər arasında ortaq layihələrin təşviqi xüsusi əhəmiyyət daşıyır. Məhz bu istiqamətdə görülən işlər türk birliyinin gələcəyini təmin edən ideoloji baza yaradır.
Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Keçirilən tədbirlər türk ölkələrinin liderləri arasında əlaqələrin daha da gücləndirilməsi, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsi, birliyimizin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
Anar Məmmədov
Milli Məclisin deputatı