PDF Oxu

Siyasət

  • 959

Ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşan Türk Dövlətləri Təşkilatı

image

XXI əsrin beynəlxalq münasibətlər sistemində geosiyasi güc mərkəzlərinin xəritəsi sürətlə dəyişir. Qlobal səviyyədə güc balansının Asiya istiqamətinə meyllənməsi, region ölkələrinin siyasi, iqtisadi və hərbi potensiallarının artması yeni inteqrasiya platformalarının yaranmasına təkan verir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı (TDT) çağdaş dövrdə türkdilli ölkələri birləşdirən, eyni zamanda Avrasiya məkanında sabitlik və əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyan mühüm ittifaq kimi formalaşır.

TDT-nin əsas məqsədlərindən biri üzv dövlətlər arasında siyasi koordinasiyanı və strateji dialoqu dərinləşdirməkdir. Bu məqsədlə təşkilat çərçivəsində xarici siyasət, təhlükəsizlik, müdafiə, nəqliyyat, enerji və humanitar sahələr üzrə birgə fəaliyyət mexanizmləri formalaşdırılır.

Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı Qələbə və Qarabağ üzərində suverenliyin bərpası Türk dövlətləri arasında həmrəyliyin simvoluna çevrildi. Bu həmrəyliyin siyasi ölçüsü, TDT-nin regional təhlükəsizlik məsələlərinə münasibətində özünü açıq şəkildə göstərdi. Bu gün TDT, yalnız mədəni birlik deyil, həm də müasir geosiyasi platforma kimi Qərb və Şərq arasında körpü rolunu oynayır.

Yeni Türk Zirvəsi Qəbələdə – Güc, Sülh və Strateji Yol Xəritəsi

Bildiyimiz kimi, 7 oktyabr 2025ci il tarixində Azərbaycanın qədim və rəmzi şəhəri Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. “Regional Sülh və Təhlükəsizlik” başlıqlı sammitdə üzv və müşahidəçi dövlətlərin liderləri bir araya gələrək, yeni çağırışlara qarşı ortaq mövqelər formalaşdırmaq məqsədilə müzakirələr apardılar.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sammitdə, TDT-nin gələcək fəaliyyət istiqamətləri, iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji və nəqliyyat dəhlizlərinin genişləndirilməsi, eləcə də ortaq müdafiə və informasiya təhlükəsizliyi məsələləri müzakirə olundu.

Hesab edirəm ki, Qəbələdə baş tutan bu Zirvə görüşü Türk Dövlətləri üçün yalnız rəsmi iclas deyil — həm də məşhur coğrafi və mənəvi simvolik məqamdır. Mövcud qlobal geosiyasət dəyişkənliyi şəraitində, TDT-nin rolunun güclənməsi ilə bu zirvə, Türk dövlətlərinin birliyini və dayaqlarını yenidən təyin etmə fürsəti kimi qəbul edilir.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə mədəni və tarixi bağlılıq üzərində deyil, reallığa əsaslanan geosiyasi mərkəz kimi möhkəmlənir. O vurğulayıb ki, TDT-nin birliyi regionda sülh, sabitlik və inkişaf üçün yeni imkanlar yaradır.

Rəcəb Tayyib Ərdoğan isə çıxışında bildirdi ki, Türk dövlətləri qlobal sistemdə öz sözünü deməyə hazırdır:

“Türk Dünyası XXI əsrin əsas strateji mərkəzlərindən birinə çevrilir. Qəbələdə qəbul etdiyimiz qərarlar bu birliyin təməlini daha da möhkəmləndirəcək.”

Zirvə çərçivəsində “Orta Dəhliz” layihəsi xüsusi diqqət mərkəzində oldu. Azərbaycan, Türkiyə və Qazaxıstan bu dəhlizin Asiya ilə Avropa arasında strateji bağlantı rolunu gücləndirmək barədə ortaq Bəyannamə imzalayıblar.

Bundan əlavə, rəqəmsal ticarət, gömrük inteqrasiyası, enerji təhlükəsizliyi və yaşıl enerji üzrə əməkdaşlıq məsələləri üzrə qərarlar qəbul edildi.

Zirvədə ortaq türk əlifbasına keçid, təhsil proqramlarının uyğunlaşdırılması və Türk Universitetlər Birliyinin genişləndirilməsi kimi humanitar təşəbbüslər də müzakirə olundu. Bu istiqamətdə Türk Akademiyasının və Türk Mədəniyyəti Fondunun yeni layihələrin həyata keçirəcəyləri qeyd olundu.

Zirvənin sonunda qəbul edilən Qəbələ Bəyannaməsi, TDT-nin gələcək fəaliyyətində əsas strateji sənəd olacaq. Sənəddə üzv dövlətlərin suverenliyə hörmət, qarşılıqlı təhlükəsizlik zəmanəti, iqtisadi inteqrasiya və kommunikasiya əlaqələrinin inkişafı prinsipləri əksini tapdı.

Nəticədə, Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının tarixində dönüş nöqtəsi kimi qiymətləndirmək olar. Bu Zirvə, türk dünyasının ortaq maraqlar əsasında regional gücdən qlobal təsirə keçid mərhələsinin başlanğıcı hesab olunur.

Bu gün Türk Dövlətləri Təşkilatı təkcə türkdilli xalqların birliyi deyil, həm də geosiyasi güc mərkəzi kimi formalaşır. Təşkilatın ardıcıl institusional inkişafı, iqtisadi və enerji layihələrinin reallaşdırılması, ortaq mədəni dəyərlər üzərində qurulan həmrəylik onun gələcəkdə Avrasiya məkanında strateji qüvvə kimi mövqeyini daha da gücləndirəcəkdir.

Sonda onu demək istəyirəm ki, Türk Dövlətləri Təşkilatının uğuru, əslində, vahid tarixi kimliklə müasir geosiyasi rasionalizmin sintezi üzərində qurulmuş yeni bir modelin — “Türk inteqrasiyası modelinin” reallığa çevrilməsidir. Var olsun Türk Dünyası!

İlham Quliyev

YAP Yasamal rayon SOCAR, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər