“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təlim-Tədris Mərkəzinin və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “İnklüziv Təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda beynəlxalq təlim-seminara start verilib. Tədbirdən öncə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucalan abidəsini ziyarət ediblər. Abidə önünə tər çiçəklər düzülüb, Ulu Öndərin ruhuna duallar oxunub.
ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev Ulu Öndər Heydər Əliyevin dövlətimizin qurulmasında göstərdiyi misilsiz xidmətlərindən danışıb və Ulu Öndərin dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin qurulmasında və inkişafında rolundan bəhs edib. Professor Yusif Alıyev bildirib ki, Dahi Öndərimiz Heydər Əliyevin yüksək ideyaları, amalları bu gün Onun ən layiqli siyasi varisi, Fateh Sərkərdə, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Quba Şəhidlər Xiyabanı ziyarət olunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın məzarları üstünə tər çiçəklər düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələrinə böyük ehtiram göstərilib.
Qonaqlara Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində aparılan milli mübarizə barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki pedaqoji bacarıqlar mərkəzləri (Qaraqalpaqıstan Respublikası, Fərqanə vilayəti, Nəvai vilayəti, Səmərqənd vilayəti, Surxandərya vilayəti, Xorazm vilayəti, Əndijan vilayəti) oktyabrın 19-dək davam edəcək təlim-seminarların əsas tərəfdaşlarıdır.
Tədbirdən əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə tanışlıq olub.
“İnklüziv Təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda beynəlxalq təlim-seminarların rəsmi açılışı oktyabrın 13-də ADPU-nun Quba filialının akt zalında təntənəli proqramla başlayıb.
Özbəkistan və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədə ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev, Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Anar Məmmədov, Özbəkistan Respublikası Surxandərya Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Murot İsoqov və Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzinin kafedra müdiri Xodiqəxon Xoşimovanın çıxışları dinlənilib.
Sonra “İnklüziv Təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda beynəlxalq təlim-seminarları barədə ümumi məlumat verilib.
Bunun ardınca zəngin bədii hissə olub.
Tədbirin birinci günü iştirakçılara “İnklüziv təhsil” mövzusunda ilk təlimlər keçirilib.
Özbəkistan Respublikasından olan rəsmi pedaqoji heyət səfər çərçivəsində Qubanın təbiəti, turistik imkanları, həmçinin bölgənin sosial həyatı ilə yaxından tanış olacaqlar.