Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə rayonun Çıraqlı kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir. O, Konstitusiyanın Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşların layiqli həyat səviyyəsinin və dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadığını bildirib.
İlqar İlyasov əlavə edib ki, Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycanın suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməyib.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlamış Vətən müharibəsində qazanılan tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar olub. 2024-cü ilin sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edilib.
Çıxış edən şəhid atası Məhəmməd Əhmədov və rayon ziyalısı Varaşil Məmmədov Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizin suverenliyinə və demokratik prinsiplərə əsaslandığını qeyd edib, bu prinsiplərin qorunması istiqamətində Prezident İlham Əliyevin müstəsna xidmətlərindən danışıblar.