Füzuli rayonu tarixi-strateji əhəmiyyətə malikdir və postmüharibə dövründə sürətlə bərpa olunaraq inkişaf edən bir məkan kimi diqqət çəkir. Burada həyata keçirilən genişmiqyaslı infrastruktur, sosial və iqtisadi layihələr rayonun gələcək potensialını nümayiş etdirir. Füzuli həm əhalinin qayğısız və təhlükəsiz yaşaması, həm də bölgənin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
1993-cü il avqustun 23-də Füzuli rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olundu və bu hadisə bütöv bir bölgənin taleyinə ağır zərbə vurdu. Füzuli bir vaxtlar Qarabağın mühüm sənaye və mədəniyyət mərkəzlərindən biri idi. İşğal nəticəsində şəhər tamamilə dağıdıldı, evlər, məktəblər, xəstəxanalar, tarixi abidələr yerlə-yeksan edildi. Minlərlə sakin məcburi köçkün kimi illərlə doğma torpaqlarına həsrət yaşadı.
27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu qəhrəmanlıq və peşəkarlıq nümunəsi göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu döyüşlərdə Füzuli uğrunda aparılan əməliyyatlar strateji əhəmiyyət daşıyırdı. Füzuli şəhərinin azad edilməsi nəticəsində Qarabağın cənub hissəsində strateji vəziyyət köklü şəkildə dəyişdi və Zəngilan ilə Qubadlı istiqamətində ordumuzun sürətli irəliləməsinə geniş imkan yarandı. Şanlı Qələbə illərlə davam etmiş ədalətsizliyə son qoydu, xalqın inam və birliyini nümayiş etdirdi. Füzuli uğrunda döyüşlərdə canlarını fəda edən qəhrəmanların şücaəti və göstərdikləri igidlik xalqımız tərəfindən daim ehtiramla yad edilir, onların fədakarlığı böyük qürur hissi ilə xatırlanır.
Şanlı ordumuzun göstərdiyi qəhrəmanlığa verilən yüksək önəmin təzahürü olaraq “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş minlərlə hərbi qulluqçumuz bu medalla təltif olunub.
Füzuli azad edildikdən dərhal sonra dövlət səviyyəsində bərpa və yenidənqurma proqramları həyata keçirilməyə başlandı. Bu işlər həm də sosial həyatın, iqtisadi potensialın və mədəni mühitin bərpasını hədəfləyir. Qısa zamanda həyata keçirilən ən mühüm layihələrdən biri Füzuli Beynəlxalq Hava Limanının inşası oldu. 26 oktyabr 2021-ci il tarixində istifadəyə verilən bu hava limanı azad edilmiş torpaqlarda qüdrətli dövlətin quruculuq iradəsinin daha bir təzahürüdür. Füzuli hava limanı bölgənin beynəlxalq nəqliyyat əlaqələrinə qoşulmasını təmin etməklə yanaşı, həm də sosial-iqtisadi və humanitar layihələrin həyata keçirilməsini asanlaşdırır. Sözügedən hava limanı Qarabağın “hava qapısı” adlandırılır və gələcəkdə turizm, ticarət və regional inteqrasiyanın mühüm mərkəzinə çevriləcəkdir.
Füzulidə paralel şəkildə yeni avtomobil yolları, körpülər, enerji xətləri, su-kanalizasiya sistemləri, məktəblər, xəstəxanalar, idman və mədəniyyət obyektləri inşa olunur. Şəhər “ağıllı şəhər” konsepsiyası üzrə planlaşdırılır. Bu konsepsiya müasir texnologiyalar, ekoloji dayanıqlıq və enerjiyə qənaət prinsipləri əsasında qurulur.
Füzuli rayonunun əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri və kənd təsərrüfatına yararlı torpaqları onun davamlı iqtisadi inkişafı üçün geniş imkanlar yaradır. Qarabağın cənub qapısı hesab olunan bu rayon mühüm nəqliyyat və kommunikasiya yolları üzərində yerləşdiyindən, strateji baxımdan bölgənin logistika, ticarət və sənaye mərkəzinə çevrilməsi üçün əlverişli şərait formalaşdırır.
Dövlət və özəl sektorun birgə fəaliyyəti nəticəsində kənd təsərrüfatının bərpası, istixana və emal müəssisələrinin yaradılması, kiçik və orta biznesin təşviqi istiqamətində layihələr həyata keçirilir. Məqsəd Füzulidə həm yaşayış şəraitini bərpa etmək, həm də dayanıqlı iqtisadi həyat formalaşdırmaqdır. Eyni zamanda, minalardan təmizlənmə prosesi prioritet istiqamət kimi davam etdirilir. Bu işlər insanların təhlükəsizliyini təmin edir, həmçinin torpaqların kənd təsərrüfatı və inşaat məqsədilə istifadəsinə şərait yaradır. Təhsil və səhiyyə infrastrukturlarının bərpası, ekoloji balansın qorunması və yaşıl enerji layihələrinin tətbiqi Füzulinin sosial mühitini gücləndirir. Məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına qayıdışı isə Böyük Qayıdış Proqramının ən mühüm elementlərindən birini təşkil edir.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi təsis edilib. Bu əlamətdar gün şəhərin işğaldan azad olunması münasibətilə təntənəli şəkildə qeyd olunur və möhtəşəm Zəfərin təcəssümü, azad edilmiş torpaqlarda yeni həyatın başlanğıcını nümayiş etdirir.
Gələcəkdə Füzuli ən müasir və dinamik şəhərlərdən biri kimi tanınacaq. Hazırda həyata keçirilən genişmiqyaslı infrastruktur və sosial layihələr bu məqsədə xidmət edir. Müasir şəhərsalma prinsipləri əsasında aparılan yenidənqurma prosesi Füzulini yaxın gələcəkdə sosial-iqtisadi və mədəni baxımdan Cənubi Qafqazın nümunəvi mərkəzlərindən birinə çevirməyə imkan yaradır.
Heydər Əsədov
Milli Məclisin deputatı