Füzuli şəhərinin tarixi həm qəhrəmanlıq, həm də böyük sınaqlarla doludur. 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilən bu qədim Azərbaycan şəhəri illərlə viran qaldı. Lakin xalqımız heç vaxt bu torpaqlardan vaz keçmədi. “Qarabağ Azərbaycandır!” şüarı ilə başlayan xalq birliyi 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz zirvəsinə çatdı. Füzulinin azad edilməsi ilə Azərbaycan əsgəri öz torpaqlarını geri qaytardı, ədaləti bərpa etdi.
Füzulinin azadlığı həm hərbi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Şəhərin strateji mövqeyi digər bölgələrin azadlığına yol açdı. Bu, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi-siyasi rəhbərliyinin nəticəsi idi. Prezidentin sözləri ilə desək, “Füzulinin alınması böyük qəhrəmanlıq tarixidir.”
Azadlıqdan dərhal sonra bərpa və yenidənqurma prosesi başladı. 2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı qısa zamanda regionun əsas qapısına çevrildi. “Ağıllı kənd”, “yaşıl enerji”, “ağıllı idarəetmə” kimi müasir layihələr həyata keçirildi. Füzuli artıq təkcə azad edilmiş torpaq deyil, həm də innovasiyaların, müasir şəhərsalmanın mərkəzinə çevrilib.
Bu dirçəliş xalqın ruhunu daha da möhkəmləndirdi. Füzuli şəhəri bu gün həm vətənpərvərlik dərsi, həm də dövlətin xalqına olan qayğısının təcəssümüdür. Hər il 17 oktyabrda qeyd olunan “Füzuli şəhəri günü” isə bu qürurun və qələbənin rəmzi kimi əbədiləşdirilib.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini.