Zəngilan rayonunun işğaldan azad edilməsi 2020-ci il oktyabrın 20-də Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu. Bu hadisə yalnız hərbi qələbə deyil, həm də uzun illər dağıntılarla üzləşmiş bir bölgənin yenidən dirçəldilməsi prosesinin başlanğıcı idi. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Zəngilan qısa müddətdə bərpa və inkişaf mərhələsinə daxil edildi. İşğaldan sonrakı dövrdə rayon ərazisində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilməyə başlandı. Yeni yollar, körpülər, enerji xətləri, su və qaz təminat sistemləri çəkildi. Hər bir layihə planlı şəkildə həyata keçirilərək Zəngilanın gələcək iqtisadi və sosial həyatına dayanıqlı baza yaratdı.
Rayonun inkişafında “Ağıllı kənd” konsepsiyası xüsusi yer tutur. Ağalı kəndində reallaşdırılan bu layihə müasir texnologiyalar, alternativ enerji mənbələri və ekoloji prinsiplər əsasında qurulub. Burada yüksək sürətli internet, rəqəmsal idarəetmə, ağıllı nəzarət sistemləri tətbiq edilir. Bu yanaşma Azərbaycanın kənd təsərrüfatı və kənd yaşayış mühitində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.Zəngilanın iqtisadi dirçəlişində “Dost Aqropark” layihəsi əsas istiqamətlərdən biridir. Türkiyə və Azərbaycan şirkətlərinin birgə təşəbbüsü olan bu layihə minlərlə hektar torpaqda kənd təsərrüfatı məhsullarının istehsalını, emalını və ixracını əhatə edir. Aqropark bölgədə məşğulluğun artmasına və yerli iqtisadiyyatın inkişafına ciddi təsir göstərir.
Strateji infrastruktur layihələri Zəngilanı bölgənin mühüm logistik mərkəzinə çevirib. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd avtomobil yolu və yeni dəmir yolu xətləri regionun kommunikasiya sistemini formalaşdırır. Bu layihələr Zəngilanı Şərqi Zəngəzur iqtisadi rayonunun əsas əlaqə nöqtəsinə çevirir.Sosial infrastrukturun yaradılması da diqqət mərkəzindədir. Rayon ərazisində yeni məktəblər, uşaq bağçaları, tibb məntəqələri, dövlət xidmət mərkəzləri inşa edilir. Bu obyektlər sakinlərin rahat yaşayışı üçün bütün zəruri şəraiti təmin edir.
Zəngilan bu gün bərpa və quruculuq işlərinin davam etdiyi, planlı inkişaf modelinin tətbiq olunduğu müasir Azərbaycan rayonudur. Burada həyata keçirilən layihələr dövlət siyasətinin ardıcıllığını və uzunmüddətli strateji baxışı əks etdirir.
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri