2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 5 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olundu.
İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimizdən sonra böyük qürur hissi ilə qeyd etdiyimiz. bütün Azərbaycan xalqı üçün əhəmiyyət kəsb edən günlərdən biri də 20 oktyabr tarixidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi tariximizə yazılmışdır.
Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır. Kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər.
Bir sözlə, “Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini