PDF Oxu

Siyasət

  • 691

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər ortaq maraqlara, türk birliyinə və əsl qardaşlığa əsaslanır

image

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər dərin tarixi və mədəni bağlara, ortaq türk köklərinə, əsrlər boyu oxşar tale və dəyərləri paylaşan xalqların qardaşlığına əsaslanır. Bakı və Astana arasında mövcud təmaslar iki türk dövlətinin siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və ətraf mühiti əhatə edən praqmatik, davamlı və qardaşlıq münasibətləri modelini necə uğurla qurduğunun nümunəsidir. Azərbaycan və Qazaxıstan sadəcə tərəfdaş deyil, onlar nadir siyasi sinxronluq və qarşılıqlı anlaşma nümayiş etdirən iki ölkədir. Bu münasibətlər qədim tarixə, ortaq dəyərlərə və qardaşlıq tellərinə əsaslansa da, son illərdə bu əlaqələr xüsusilə enerji sektorunda strateji məna kəsb edib. 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” Agentliyinə geniş müsahibə verib. Müsahibə təkcə iki ölkə arasında siyasi münasibətlərin konturlarını deyil, həm də Türk dünyasının gələcək inteqrasiya xəritəsini cızan strateji sənəd kimi dəyərləndirilə bilər. Bu müsahibə həm regional siyasətin, həm iqtisadi əməkdaşlığın, həm də mənəvi birliyin dərin fəlsəfi mənzərəsini təqdim edir. Müsahibədə dövlət başçımız ölkəmizin Qazaxıstanla enerji, logistika, ticarət, bağlantılarla bağlı əməkdaşlığı barədə qeyd edib.

Neft-qaz sahəsində iki ölkənin əsas şirkətləri — SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə saziş bu əməkdaşlığın mühüm göstəricisidir. Bu saziş çərçivəsində ildə 1,5 milyon ton Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə tranziti nəzərdə tutulur. Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm hadisədir, çünki Xəzər regionunda enerji marşrutlarının şaxələndirilməsini təmin edir və Qazaxıstan neftinin dünya bazarlarına çıxışı üçün yeni imkanlar yaradır. Azərbaycan, Xəzər resurslarını qlobal bazarlara təhlükəsiz çıxaran etibarlı tərəfdaş kimi tanınır. Şaxələndirilmiş kəmər infrastrukturu ilə 14 ölkəyə qaz tədarük olunur və bu, Avropanın enerji təhlükəsizliyində alternativ rol oynayır.

Prezident İlham Əliyev xatırladıb ki, bu, onun Qazaxıstana son üç ildə yeddinci səfəridir, prezident Qasım-Jomart Tokayev isə bu müddət ərzində Azərbaycana altı dəfə səfər edib. Yüksək səviyyəli səfərlərin bu intensivliyi güclü siyasi dialoqun və mövqelərin daimi əlaqələndirilməsinin bilavasitə sübutudur. Azərbaycan dövlət başçısının sözlərinə görə, Qazaxıstana hər səfər dinamik inkişaf hissi ilə müşayiət olunur ki, bu da prezident Tokayevin iqtisadiyyatın modernləşdirilməsi və şaxələndirilməsinə yönəlmiş düşünülmüş siyasətinin nəticəsidir. İqtisadi aspektdən baxdıqda, müsahibə konkret faktlarla zəngindir. 2025-ci ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi 547 milyon dollara çataraq, ötən ilin göstəricisini üç dəfə geridə qoyub. Bu dinamika, şübhəsiz, “Orta Dəhliz” adlanan nəhəng nəqliyyat layihəsinin uğurla reallaşması və Xəzər üzərindən yeni logistika marşrutlarının formalaşması ilə bağlıdır. İlham Əliyevin sözlərində iqtisadi əməkdaşlıq yalnız rəqəmlər deyil, strateji məqsədlərin ifadəsidir — bu, regionun vahid bazara çevrilməsi, Avropa ilə Asiya arasında yeni enerji və ticarət arteriyasının qurulması deməkdir. Avropa və Asiyanı Azərbaycan, Qazaxıstan və Türkiyə vasitəsilə birləşdirən Orta Dəhliz üzərində cəmlənmiş nəqliyyat və logistika əməkdaşlığına xüsusi diqqət yetirilir. Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar sərmayə qoyub, Qazaxıstanın Azərbaycana investisiyaları isə 136 milyon dollara çatmışdır.

Paralel olaraq, Azərbaycan bərpaolunan enerjidə (günəş, külək, hidro) regionun öncül oyunçusuna çevrilir. COP29-da Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında imzalanan yaşıl enerji üzrə strateji tərəfdaşlıq sənədi, Xəzər-Qara dəniz marşrutu ilə yaşıl elektrik ixracını reallığa çevirməyi hədəfləyir. Müsahibənin ən mənəvi və dərin qatlarından biri Türk Dövlətləri Təşkilatına (TDT) həsr olunan fikirlərdir. İlham Əliyev bu təşkilatı “Türk dünyasının həmrəyliyinin və birliyinin sütunu” adlandırır. O, TDT çərçivəsində keçirilən Şuşa və Qəbələ Zirvə Görüşlərini Türk dünyasının siyasi və mənəvi güc mərkəzinə çevrilməsinin sübutu kimi təqdim edir. Eyni zamanda, gələn il qeyd olunacaq Birinci Türkoloji Qurultayın 100 illiyinin bu təşkilat çərçivəsində təntənə ilə keçirilməsi planı, türk xalqlarının birliyinin ideoloji təməllərinə sadiqliyin bariz ifadəsidir. Prezident İlham Əliyevin dəstək, həmrəylik və qardaşlıq rəmzi olan işğaldan azad edilmiş Füzulidə Kurmanqazi adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana xüsusi minnətdarlığını bildirməsi əlamətdardır. Bu jest ölkələrimiz arasında əməkdaşlığın diplomatiyadan çox kənara çıxdığının və xalqlarımızın mənafelərinə xidmət edən konkret fəaliyyətlərdə əks olunduğunun əyani təsdiqi idi.

Bütün bu fikirlər bir yerdə Prezident İlham Əliyevin müsahibəsini klassik diplomatik bəyanatdan daha artıq səviyyəyə qaldırır. Müsahibə, bir tərəfdən, Azərbaycan diplomatiyasının çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan kursunu əks etdirirsə, digər tərəfdən, Türk dünyasının ortaq gələcəyinə yönəlmiş konseptual baxışın ifadəsidir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi, XXI əsr Türk birliyinin siyasi, iqtisadi və mənəvi sütunlarını aydın şəkildə göstərən proqram xarakterli çıxışdır. Ümumilikdə bu əlaqələr yalnız ikitərəfli maraqlara deyil, eyni zamanda Türk dünyasının birliyinə və Avrasiya regionunun sabitliyinə xidmət edir

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər