Azərbaycanın igidlik, vətənpərvərlik və yenilməzlik ruhunu özündə cəmləyən şəhərlərindən biri Qubadlıdır. Tarixi, mədəniyyəti və fədakar insanları ilə seçilən bu yurd yeri xalqımızın yaddaşında həm kədərin, həm də qürurun rəmzi kimi yer alıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə hər il 25 oktyabr tarixi Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu gün təkcə bir şəhərin azad edilməsinin deyil, bütöv bir xalqın yenidən doğuluşunun, əzminin və birliyinin təntənəsidir.
Qubadlı rayonu qədim Azərbaycan torpaqlarından biridir. Təbiəti, dağları, bulaqları, qədim abidələri ilə tanınan bu diyar həm də mərd, döyüşkən övladları ilə tanınıb. Lakin 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Qubadlı işğal edildi. Minlərlə qubadlı doğma yurdunu tərk etmək məcburiyyətində qaldı, şəhər viran edildi, tarixi abidələr, qəbiristanlıqlar, məktəblər dağıdıldı. Lakin qubadlılar heç vaxt ümidsizliyə qapılmadı, bir gün torpaqlarına qayıdacaqlarına inanaraq yaşadılar.
Bu inam 2020-ci il Vətən müharibəsində gerçəkliyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 27 sentyabrdan başlayan 44 günlük mübarizədə torpaqlarımızı addım-addım azad etdi. Tarixə qızıl hərflərlə yazılan 25 oktyabr 2020-ci il tarixində Qubadlı şəhəri işğaldan azad edildi. Bu xəbər hər bir azərbaycanlının qəlbində misilsiz sevinclə qarşılandı. Həmin gün Vətən uğrunda canından keçən bütün şəhidlərimizin müqəddəs ruhu əbədi dinclik tapdı.
Bu gün Qubadlı azad nəfəs alır, yenidən qurulur və dirçəlir. Şəhərdə yeni yaşayış binaları, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir. Qubadlıya qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir, insanlar illər sonra doğma yurdlarına qovuşurlar. Hər yeni tikilən ev, hər açılan məktəb, hər əkilən ağac bu torpağın həyatla yenidən qovuşmasının göstəricisidir. Qubadlı artıq yalnız bir coğrafi məkan deyil – o, Zəfərin, dirçəlişin və milli birliyin simvoludur.
25 oktyabr – Qubadlı şəhəri günü bizə bir daha xatırladır ki, azadlıq və müstəqillik asanlıqla qazanılmır. Bu tarix şəhidlərimizin qanı, xalqımızın iradəsi və ordumuzun rəşadəti ilə yazılıb. Qubadlının azadlığı həm keçmişin ağrılarını unutmadan gələcəyə inamla baxmağın, həm də “Bütöv Azərbaycan” ideyasının canlı təcəssümüdür.
Bu gün hər bir azərbaycanlı üçün Qubadlı adı fəxarət və qürur mənbəyidir. 25 oktyabr yalnız bir şəhərin deyil, bütün Azərbaycanın Zəfər günlərindən biridir. Qubadlı yenidən qurulur, həyat bərpa olunur və bu torpaq bir daha heç vaxt yad tapdağı altında qalmayacaq.
Nazim BÜNYATOV
YAP Ağcabədi rayon təşkiulatının sədr müavini