PDF Oxu

Siyasət

  • 1 281

Türk dövlətləri arasındakı birlik və əməkdaşlığın yeni modeli!

image

Prezident İlham Əliyev: "Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır"

Türk dövlətlərinin vahid platformada birləşməsi ölkələr arasında əməkdaşlıq əlaqələrinə yeni imkanlar açıb. Etnik və mədəni köklərə, ortaq keçmişə malik olan Türk dövlətləri arasında əməkdaşlıq münasibətləri daha da güclənib. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Türkdilli dövlətlərin arasında qurulan əməkdaşlıq daha da güclənmiş və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Qeyd edək ki, bu gün türk dövlətləri siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması barədə qərarın qəbul edilməsi əməkdaşlığın yüksəlməsində mühüm rol oynadı və dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da yaxınlaşdırmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.
"BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR, BİZİM BAŞQA AİLƏMİZ YOXDUR"
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur". Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Azərbaycanın təşəbbüsüdür. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü Türk dövlətləri arasında əlaqələrin intensiv xarakter aldığını və baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdiyinin daha bir göstəricisidir. Türk dünyasının bir araya gəldiyi Şuşa şəhəri artıq ideoloji, mənəvi bir mərkəzə çevrilib. Milli birlik və mədəniyyət paytaxtı olan Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi olaraq türk dövlətlərini birləşdirən məkan rəmzi kimi yerini daha da möhkəmləndirir. Şuşa şəhərinin 2023-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi də əbəs deyildi. 2021-ci il mayın 7-də Prezident İlham Əliyevin Şuşa şəhərinin "Azərbaycanın Mədəniyyət Paytaxtı" elan edilməsi haqqında Sərəncamı bu şəhərin əhəmiyyətini bir daha sərgiləmiş oldu. Daha sonra dövlət başçısının məlum Sərəncamı ilə 2022-ci il Azərbaycanda "Şuşa ili" elan edildi.2021-ci ilin iyunun 15-də Azərbaycan və Türkiyənin dövlət başçıları tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Azərbaycanın müstəqillik tarixində yeni səhifə oldu. Məhz diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunan Bəyannamənin Şuşada imzalanması dövlətlər arasında əlaqələri ən yüksək zirvəyə qaldıraraq, gələcək işbirliyinin təminatında tarixi sənəd oldu.28 ilə yaxın bir tarixdə erməni işğalında qalan Şuşamız azad olundu və yeni tarixi dövrə qədəm qoydu. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilmədilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular. Hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. 2020-ci il türk dünyası üçün yadda qalan oldu. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir.
TÜRK DÜNYASININ MƏRKƏZİ
Bu gün Şuşa beynəlxalq tədbirlərin məkanına, türk dünyasının mərkəzinə çevrilib. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü Türk dünyası arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin müzakirəsi baxımından əhəmiyyət kəsb edir. Türk dövlətlərinin regionda sabitliyin, sülhün qorunub saxlanılmasında rolu getdikcə artır və Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüş Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin göstəricisidir.Dost dövlətlər arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr səmərəli əməkdaşlıq baxımından ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə daha da yüksəlib. Türk dövlətləri regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rola malikdir.
"TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI DÜNYA MİQYASINDA GÜC MƏRKƏZLƏRİNİN BİRİNƏ ÇEVRİLMƏLİDİR"
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir" ifadəsi ilə öz mesajını vermiş oldu. Azərbaycan Prezidentinin çıxışı zamanı səsləndirdiyi fikirlərdə türk dövlətləri qarşısında duran hədəflər diqqətə çəkildi. Belə ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi prioritet məsələlərdən biri olaraq qarşıda duran məsələlərdəndir. İstismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır.
"TÜRK DÖVLƏTLƏRİ ARASINDA GƏLƏCƏK ƏMƏKDAŞLIQ ÜÇÜN YOL XƏRİTƏSİ"
TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısının yekunları üzrə qəbul edilən Qarabağ Bəyannaməsi türk dövlətləri arasında gələcək əməkdaşlıq üçün yol xəritəsidir. Vahid ailə ideyası ətrafında birləşən türk dövlətləri birlik və əməkdaşlığın yeni bir modelini ortaya qoydular. İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dövlətlərinin həmrəyliyini, beynəlxalq nüfuzunu daha da artıracaqdır. 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bir daha təsdiq etdi ki, türk dünyası qlobal arenada mühüm siyasi, iqtisadi və mədəni güc mərkəzinə çevrilir. Prezident İlham Əliyevin Zirvə toplantısında səsləndirdiyi fikirlər bu reallığın həm siyasi, həm də strateji əsaslarını nümayiş etdirdi.Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Milli köklərimizlə, ortaq dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin ən yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq. Bu birliyin tarixi kökləri "Böyük İpək yolu" ilə də əlaqədardır. Türk dünyası birliyinə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Respublikası kimi müstəqil dövlətlər daxildir. Birliyə daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr getdikcə genişlənir. Birliyin möhkəmlənməsi onun beynəlxalq nüfuzunun artmasına təkan verir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayan dövlətimizin başçısı gələn il birinci Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edib. Artıq bununla bağlı dövlət başçımız Sərəncam imzalayıb.
"YAXIN GƏLƏCƏKDƏ BİZİM TƏŞKİLATIMIZIN DÜNYADAKI MÖVQEYİ VƏ ROLU DAHA DA ARTACAQDIR"
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Sədrlik dövründə türk dünyasının birləşməsinə böyük töhfələrini verdi. Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi və bu görüşün koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunması dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı Zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşdü.T\ürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xüsusilə qeyd etməliyik. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, "Türk dünyasına baxış – 2040" sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə" Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır."Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilib. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni, bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır”, - deyə Prezident bildirib.
"AZƏRBAYCAN BÜTÜN TÜRK DÜNYASINDA BİRLƏŞƏN QARDAŞLARIMIZIN HƏR ZAMAN YANINDA OLUBDUR"
"Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir" – deyən Prezident qeyd edib ki, təsadüfi deyil ki, son bir neçə il ərzində mənim Təşkilata üzv olan ölkələrə çoxsaylı səfərlərim həyata keçirilmişdir: "Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının da Azərbaycana bir çox səfərləri həyata keçirilmişdir… Yəni, bu, bir daha onu göstərir ki, biz düzgün yoldayıq.Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur".Məlumdur ki, 2020-ci il türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir. Azərbaycan tərəfi məsələnin sülh yolu, danışıqlar masasında həll edilməsi istiqamətində addımlar atmış olsa da, Ermənistan faktiki olaraq danışıqlardan imtina etdi və ölkəmiz döyüş meydanında öz sözünü deyərək, Zəfər qazandı. Hamının bildiyi kimi, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə edərək, Türkiyənin Azərbaycanın yanında olmasını ifadə etdi. Türk Şurası sentyabrın 28-də Azərbaycana dəstək xarakterli açıqlama verdi.Ən çətin anlarda türk dünyası Azərbaycanın, Azərbaycan türk dünyasının yanındadır. Türk dövlətləri ölkələr arasında yaxınlaşmanın, inteqrasiyanın inkişaf etməsində ciddi rol oynayıb və bundan sonra töhfələrini verəcəkdir. "Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni, bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır", - deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir,

Zümrüd BAYRAMOVA

Digər xəbərlər