Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (Rusiya) direktoru Yevgeni Mixaylov "Moskva-Baku" portalına şərhində Rusiya-Azərbaycan müsbət münasibətlərinin MDB üçün əhəmiyyətini qiymətləndirib. Ekspertin şərhini oxucularımıza təqdim edirik.
- Yevgeni Aleksandroviç, müsbət Rusiya-Azərbaycan münasibətlərinin bütün MDB məkanı üçün nə kimi əhəmiyyəti var?
- Rusiya ilə Azərbaycan arasında sabitlik, şəffaflıq, dostluq münasibətləri bütün MDB, o cümlədən Avrasiya təhlükəsizliyi üçün vacibdir. Vladimir Putinlə İlham Əliyevin Düşənbədəki görüşündən sonra iki ölkə arasında münasibətlər yaxşılaşır, mürəkkəb məsələlərin həlli istiqamətində qarşılıqlı addımlar atılır. Putinlə Əliyev arasında Düşənbədə keçirilən görüş nümayiş etdirdi ki, liderlər arasında şəxsi münasibətlər və onların səmimi təmasları bütün mürəkkəb məsələlərin həlli üçün əsasdır.
Rusiya başa düşür ki, Azərbaycan ciddi regional oyunçudur, onun əməkdaşlığı olmadan regionda tam sabitlik və təhlükəsizlik ola bilməz.

Rusiya və Azərbaycan bir çox əlaqələri birləşdirir. Rusiyada inkişaf edən, yaxşı inteqrasiya olunmuş və öz adət-ənənələrini və dinini qorumaq üçün lazım olan hər cür şəraitə malik olan böyük bir Azərbaycan diasporu, Azərbaycanda isə eyni imkanlara malik böyük rus icması yaşayır. Rusiya və Azərbaycan qonşudur. Bizi həm də Xəzər dənizi birləşdirir. Biz böyük strateji layihələri, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini həyata keçiririk və enerji sektorunda əməkdaşlıq edirik. Əməkdaşlığımızın potensialı da genişdir.
Azərbaycan bu gün türk dünyasında mühüm rol oynayır və həm Qafqazda, həm də Orta Asiyada hörmətə malikdir.
Rusiya və Azərbaycan bir çox dost ölkələri bölüşürlər. Eyni zamanda, Rusiya daha çox müsbət qarşılıqlı əlaqələr quran ölkələrlə münasibətlərdə Azərbaycan üçün körpü rolunu oynaya bilər və əksinə, Azərbaycan Respublikası Bakının daha yaxşı münasibətləri olan ölkələrlə Moskvanın təmasları üçün körpü rolunu oynaya bilər.
Mən şübhə etmirəm ki, bu gün Moskva və Bakının bütün qalan həssas məsələləri həll etmək üçün hər cür imkanı və ən əsası, siyasi iradəsi var. Və ümid edirik ki, iki ölkə arasında münasibətlər bundan sonra da müsbət istiqamətdə inkişaf edəcək.
Bundan başqa, biz görürük ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları kifayət qədər uğurla gedir. Kim nə deyirsə desin, belə bir sülhün bünövrəsinin qoyulmasına Rusiyanın böyük töhfəsi olub.
Rusiya üçün Zaqafqaziyada sülhün bərqərar olması vacibdir. “3+3” regional əməkdaşlıq formatı (üç Zaqafqaziya respublikası və onların üç böyük qonşusu– Rusiya, Türkiyə və İran) böyük potensiala malikdir. Təbii ki, bu formatda əməkdaşlıq bütün iştirakçılar üçün böyük imkanlar açardı.
O da məlumdur ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq tranzit yüklər üçün öz ərazilərini blokdan çıxarıblar, o cümlədən rəsmi Bakının Rusiya yüklərinin Ermənistan Respublikasına tranzitinə icazə verməsi ilə bağlı razılığı var. Bu da əməkdaşlığımızda müsbət meyilləri göstərir.
Gördüyümüz kimi, MDB Plus qarşılıqlı fəaliyyət formatı yaradılmışdır. Bu, yalnız Birlik çərçivəsində dost ölkələrin sayını genişləndirəcək və onun məkanını gücləndirəcək".
Tərcümə - Elçin