Sentyabrın 27-si... Bu tarix artıq yalnız bir gün deyil, bir simvol, bir dirçəliş, bir milli şüurun oyanış anıdır. 2020-ci ilin həmin günü səhər saatlarında Azərbaycan xalqı üçün yeni bir səhifə açılırdı. Bu, təkcə hərbi əməliyyatların başlanğıcı deyil, eyni zamanda 30 illik gözləntinin, ümidin və inancın gerçəkləşməsi idi. Küçələrdə, evlərdə, iş yerlərində hamının diqqəti televiziya, radio və sosial şəbəkələrdə idi. Anaların duaları ilə, uşaqların saf gözlərindəki suallarla, gənclərin qəlbindəki vətən sevgisi ilə dolu bu an, tariximizin ən mühüm dönüş nöqtələrindən biri idi. Hər bir saniyə, hər bir dəqiqə özünəməxsus əhəmiyyət daşıyırdı. Cəbhədən gələn hər xəbər, xalqın ürəyində ya sevinc, ya kədər, ya da daha böyük bir əzmkarlıq doğururdu. Lakin heç kəs ümidini itirmirdi, çünki hər kəs bilirdi ki, bu dəfə hər şey fərqlidir, haqq bizimlədir, tarixi ədalət nəhayət öz yerini tapacaq. Müharibənin ilk günlərində əldə edilən uğurlar, yalnız hərbi üstünlüyümüzü deyil, həm də əsgərlərimizin, zabitlərimizin ruh yüksəkliyini, mətanətini və vətən sevgisini nümayiş etdirirdi. Suqovuşanın azad edilməsi ilə başlayan bu şanlı yürüş, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və nəhayət Şuşa şəhərinin azad edilməsi ilə davam etdi. Hər bir azad edilmiş torpaq, təkcə coğrafi ərazinin geri qazanılması deyil, həm də tarixi ədalətin təsdiqi, milli ləyaqətimizin bərpası idi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusunun istifadə etdiyi müasir texnologiyalar, xüsusilə dronlar və raket sistemləri, hərbi əməliyyatların sürətli və effektiv şəkildə həyata keçirilməsində həlledici rol oynadı. Lakin bu texnologiyaların arxasında duran ən güclü amil, Azərbaycan əsgərinin və zabitinin ruh gücü, mətanəti və vətənə olan məhəbbəti, sadiqliyi idi. Hər bir şəhidimizin, hər bir qazimizin bu mübarizədəki rolu, bizim üçün ən qiymətli mənəvi dəyərə çevrildi. Onların fədakarlığı və qəhrəmanlığı, gələcək nəsillər üçün ən qiymətli irsdir.
Müharibə dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik və dayanıqlılıq, tariximizin ən parlaq səhifələrindən birini təşkil edir. Cəbhədə əsgər və zabitlərimiz, cəbhə arxasında isə bütün vətəndaşlarımız - hamılıqla bir məqsəd, bir arzu, bir hədəf ətrafında birləşmişdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məntəqələrinə axın edən, müharibəyə könüllü getmək üçün müraciət edən gənclərimiz, könüllülərimiz tərəfindən toplanan ianələr, xanımlarımızın cəbhə bölgəsinə göndərmək üçün toxuduğu isti paltarlar, uşaqlarımızın hərbiçilərimizə yazdığı vətənpərvər ruhda məktublar, çəkdiyi rəsmlər - bütün bunlar bir millətin vahid iradəsini əks etdirirdi. Hər kəs öz imkanları daxilində vətənin müdafiəsinə kömək etməyə çalışırdı.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə göstərdiyi dəyişməz iradə və strateji rəhbərlik, zəfərimizin ən mühüm təməl daşlarından biri oldu. Prezident İlham Əliyevin xalqa müraciətləri, beynəlxalq təşkilatlarla danışıqları, hərbi əməliyyatların gedişatına birbaşa rəhbərliyi, Azərbaycan xalqının etimadını daha da möhkəmləndirdi. "Biz haqlı mübarizə aparırıq" ifadəsi, bütün xalqın şüarına çevrildi və hər birimizə güc verdi. Onun müdrik addımları hər anımızı idarə edirdi, hər bir hərəkətimizə istiqamət verirdi. Beynəlxalq arenada Azərbaycanın diplomatik uğurları böyük əhəmiyyət kəsb edirdi. Müharibə dövründə beynəlxalq hüququn prinsiplərini ardıcıl şəkildə müdafiə edən Azərbaycan, daim olaraq haqlı mövqeyini, BMT-nin müvafiq qətnamələrini və öz ərazi bütövlüyünü vurğulayırdı. Bu, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaqda mühüm rol oynadı. Türkiyə, Pakistan və digər dost ölkələrin göstərdiyi siyasi, mənəvi dəstək Azərbaycanın regional tərəfdaşlıq strategiyasının uğurunu bir daha sübut etdi. Xüsusilə Türkiyə-Azərbaycan münasibətləri, "bir millət, iki dövlət" prinsipinin canlı nümunəsinə çevrildi. 2020-ci il noyabrın 10-da imzalanan atəşkəs bəyannaməsi, Azərbaycanın hərbi və diplomatik qələbəsini rəsmiləşdirdi. Bu sənədə əsasən, işğal altında olan torpaqların böyük hissəsi azad edildi və Zəngəzur dəhlizinin açılması nəzərdə tutuldu. Bu razılaşma, yalnız müharibənin bitməsi deyil, eyni zamanda yeni bir inkişaf mərhələsinin başlanğıcı idi. Hər kəs üçün fərqli məna daşıyırdı bu an - kimisi üçün sevinc, kimisi üçün kədər, amma hamımız üçün ümid və qürur anı idi.
Bu bəyannamədən sonra Azərbaycanın diplomatik və siyasi müdrikliyi sayəsində Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan sülh yolu ilə geri qaytarıldı. Bu hadisə, həm beynəlxalq hüquqa sadiqliyimizin, həm də Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasətinin təntənəsi idi. Azərbaycan Ordusu bu bölgələrə daxil olaraq, dövlət bayrağını ucaltdı. Lakin bu proses bununla yekunlaşmadı. 2023-cü ilin sentyabr ayının 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və ətraf ərazilər tam nəzarətə götürüldü. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu, Zəfər tariximizin növbəti parlaq səhifəsi, 44 günlük müharibə ilə başlanan haqq yolunun məntiqi davamı və Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının əyani sübutu idi.
Müharibədən sonra Azərbaycan üçün yeni bir dövr - bərpa və yenidənqurma dövrü başladı. Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa işləri start götürdü. Müasir infrastruktur, ekoloji standartlar və smart şəhər, kənd anlayışı ilə inşa edilən Qarabağ bölgəsi Azərbaycanın bərpa iradəsinin canlı nümunəsidir. Füzuli Beynəlxalq Hava Limanı, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın avtomobil yolu və s. kimi layihələr regionun iqtisadi inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Bu, təkcə bərpa işi deyil, eyni zamanda regionun iqtisadi potensialını artırmaq üçün strateji investisiyadır.
Mədəni irsin bərpası prosesi də xüsusi diqqət tələb edir. İşğal dövründə məhv edilmiş məscidlər, tarixi abidələr, qəbiristanlıqlar bir-bir bərpa olunur. Ağdamda Cümə məscidi, Şuşada Yuxarı Gövhər Ağa məscidi və s. kimi mədəni irs nümunələri öz əvvəlki görkəminə qaytarılır. Bu proses mədəni və mənəvi dəyərlərimizin bərpası, tarixi yaddaşımızın canlandırılmasıdır. Hər bir bərpa olunan abidə, keçmişimizlə gələcəyimiz arasında möhkəm bir körpü rolunu oynayır.
Bu zəfər, xüsusilə gənc nəsil üçün milli qürur mənbəyinə çevrilib. Gənclərin milli dəyərlərə sadiqliyi, vətənə məhəbbəti Azərbaycanın gələcəyi üçün ən böyük zəmanətdir. Təhsil sistemində milli-mənəvi dəyərlərin aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, bu zəfərin davamını təmin edəcək ən mühüm amillərdəndir. Gənclərimizin gözlərindəki işıq, ürəklərindəki inanc, bizim üçün ən dəyərli sərvətdir. Qeyd edək ki, bu təkcə hərbi qələbə deyil, eyni zamanda diplomatik, iqtisadi və mənəvi qələbə idi. Azərbaycanın beynəlxalq arenada mövqeyi gücləndi, ölkəmiz regionda sülh və sabitliyin təminatçısı kimi çıxış etməyə başladı. Dünya artıq Azərbaycanı fərqli gözlə görür, hörmət və etimadla yanaşır.
Son olaraq qeyd etmək istərdim ki, 2020-ci il sentyabrın 27-dən başlayan Zəfər tariximiz, Azərbaycan xalqının qətiyyətini, birliyini və azadlıq iradəsini əks etdirir. Bu, yalnız torpaqların azad edilməsi deyil, eyni zamanda milli şüurun, qürurun və gələcəyə inamın bərpasıdır. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində tarixi zəfər qazandıq.
Zəfərin beşinci ildönümündə vətənə məhəbbət, sadiqlik nümunəsi olan bütün şəhidlərimizi minnətdarlıqla yad edir, qazilərimizə sağlamlıq arzulayırıq. Onların fədakarlığı və qəhrəmanlığı əbədi olaraq yaddaşımızda yaşayacaq. Azərbaycanın gələcəyi daha parlaq, daha firavan olacaq!
"Gərək nəbzin Vətənin nəbzi ilə vursun" - Ümummilli Lider Heydər Əliyevin bu tarixi sözləri, bizim üçün ən böyük həqiqəti ifadə edir. Azərbaycan xalqı olaraq biz bilirik ki, birliyimiz, iradəmiz və inancımız sayəsində hər bir çətinliyin öhdəsindən gələ bilərik. Bu gün, zəfərimizin beşinci ildönümündə arxamıza dönüb baxdıqda, nələr görmürük!? Bir xalqın birliyi, bir dövlətin qüdrəti.
Gələcəyə baxdıqda isə daha çox ümid, daha çox inanc, daha çox əminlik görürük. Azərbaycan artıq regionun ən güclü dövlətidir. İqtisadi gücü, diplomatik nüfuzu, mədəni zənginliyi ilə nümunəvi ölkədir. Bu birlik, bu dayanıqlılıq, bu inanc, bizim ən böyük gücümüzdür. Zəfər Tariximiz yalnız keçmiş deyil, eyni zamanda gələcəyə baxan bir pəncərədir. Bu pəncərədən daha parlaq, daha firavan, daha güclü Azərbaycan görünür. Vətən yaşayır, Vətən yaşayacaq! Çünki biz birik, çünki biz Azərbaycanıq!
Fuad Həbibzadə
YAP Yasamal rayon təşkilatının məsləhətçisi