PDF Oxu

Siyasət

  • 581

Zəfər Günü hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq

image

Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü, müstəqil dövlətimizin gücünün, xalqımızın birliyinin və ordumuzun rəşadətinin rəmzidir. Bu tarixi gün, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük qələbənin, torpaqlarımızın azad edilməsinin və 30 illik həsrətə son qoyulmasının simvoludur.

2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Müzəffər Azərbaycan Ordusu, xalqın və dövlətin dəmir iradəsi ilə düşmən üzərində parlaq qələbə qazandı. Bu qələbənin arxasında isə Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, strateji düşüncəsi və sarsılmaz iradəsi dayanırdı. Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” şüarı bütün xalqın azadlıq çağırışına çevrildi və bu birliyimizin, həmrəyliyimizin təntənəsi oldu.

Azərbaycan tarixində elə günlər var ki, xalqın yaddaşına əbədi həkk olunur, milli qürur və iftixar mənbəyinə çevrilir. Bu günlərdən biri də 8 Noyabr – Şuşa şəhəri günüdür. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük Vətən müharibəsində ən böyük zəfərlərindən birini Şuşanın azad olunmasını qazandı. Bu qələbə təkcə bir şəhərin azadlığı deyil, bütövlükdə Azərbaycan xalqının milli qürurunun, vətən sevgisinin, birliyinin və iradəsinin təntənəsi idi.

Şuşanın azad olunması həm hərbi, həm mənəvi, həm də tarixi baxımdan müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan Ordusunun igidliyi, şəhidlərimizin qanı bahasına əldə edilən bu zəfər bir millətin yenilməzliyinin sübutu oldu. Hər bir azərbaycanlı üçün 8 Noyabr yalnız qələbə günü deyil, həm də milli qürur və vətənpərvərlik bayramıdır.

Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, doğma yurdlarına qayıdan insanlar dövlətimizin qayğısını hər addımda hiss edirlər. Bu, müasir Azərbaycan dövlətinin qüdrətini, möhkəm iradəsini və gələcəyə inamını nümayiş etdirir.

Zəfər Günü hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin igidliyi ilə fəxr edirik. Qalib xalqın övladları olaraq, dövlətimizin və Möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birləşərək daha güclü, daha firavan Azərbaycan naminə çalışmaq hər birimizin borcudur.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Nazim BÜNYATOV

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər