PDF Oxu

Siyasət

  • 982

Bayrağımız — Kimliyimizin, Birliyimizin, Qələbəmizin rəmzidir - ŞƏRH

image

9 noyabr — Azərbaycan xalqı üçün böyük mənəvi və tarixi əhəmiyyətə malik bir gündür. Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur və müstəqil dövlətçiliyimizin, milli birliyimizin, azadlıq və suverenliyimizin rəmzi sayılan üçrəngli bayrağımızın qəbul edildiyi tarixi hadisəni xatırladır.

1918-ci il 9 noyabrda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Azərbaycan milli bayrağı təsdiqlənmişdir. Bayrağın mavi, qırmızı və yaşıl rənglərdən ibarət olması təsadüfi deyil. Bu rənglər Əli bəy Hüseynzadənin “türkləşmək, müasirləşmək, islamlaşmaq” formulunun fəlsəfi ifadəsidir. Ortadakı ağ aypara və səkkizguşəli ulduz isə xalqımızın milli və dini dəyərlərinin, eyni zamanda müasir dünyada öz yerini tapan azərbaycançılıq ideyasının simvoludur.

Sovet hakimiyyəti illərində üçrəngli bayraq qadağan olunsa da, xalqımız onu yaddaşında, ruhunda yaşatdı. 1990-cı ilin 17 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi qərar qəbul olundu – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və sessiya zalında ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən qaldırıldı. Bu hadisə müstəqil Azərbaycanın gələcək rəmzlərinin bərpasında dönüş nöqtəsi oldu.

Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyasını milli dövlətçiliyimizin ideoloji dayağı kimi təqdim edərək göstərmişdir ki, bu ideologiya təkcə etnik və dini mənsubluğu deyil, həm də vətənə sədaqəti, milli birliyi və ümummilli maraqları ifadə edir. Onun sözləri ilə desək, “Azərbaycançılıq ideologiyası bizim dövlətçiliyimizin əsasını təşkil edir, bu ideya xalqımızı birləşdirir, gücləndirir və gələcəyə aparır.”

Azərbaycanın müasir tarixində bu müqəddəs rəmzin dövlət səviyyəsində ucaldılması və təntənə ilə qeyd olunmasında Prezident İlham Əliyevin xüsusi rolu vardır. Onun rəhbərliyi dövründə milli rəmzlərimizə, xüsusilə də Dövlət Bayrağına verilən diqqət və ehtiram yeni səviyyəyə yüksəldi. 17 noyabr 2009-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla 9 noyabr tarixi “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” elan edildi. Bu qərar təkcə tarixi bir hadisənin rəsmi təsdiqi deyil, həm də xalqımızın milli dəyərlərinə sədaqətinin, dövlətçilik ənənələrinin davamlılığının və milli qürur hissinin təntənəsidir.

Dövlət Bayrağı Meydanının və Bayraq Muzeyinin yaradılması da Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş mühüm layihələrdəndir. Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanında ucaldılmış nəhəng bayraq dirəyi Azərbaycan dövlətinin gücünü, müstəqilliyini və milli qürurunu simvolizə etmişdir. Bu meydan həm ölkə vətəndaşları, həm də xarici qonaqlar üçün müqəddəs bir məkana çevrilmişdir.

Hər dəfə üçrəngli bayrağımız dalğalananda xalqımızın yüz illərlə davam edən mübarizəsinin, qəhrəmanlıq tarixinin və azadlıq uğrunda səylərinin bir rəmzi kimi qürur hissi doğurur. Bu gün Azərbaycan bayrağı yalnız ölkəmizdə deyil, beynəlxalq arenada da şərəflə dalğalanır. Dövlətimizin idman, mədəniyyət, elm və diplomatiya sahələrində qazandığı hər bir uğur zamanı üçrəngli bayrağımız dünyanın ən mötəbər tribunalarda ucalır. Xüsusilə 2020-ci ilin payızında, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə üçrəngli bayrağımızın tarixində yeni, parlaq bir səhifə açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi və ordumuzun qəhrəmanlığı sayəsində bu gün Azərbaycan bayrağı Qarabağda, Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və bütün azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.

Beləliklə, Dövlət Bayrağı Günü Azərbaycanın milli tarixində əbədi yer tutan, vətəndaşlarda vətənpərvərlik hissini daha da gücləndirən, azadlıq və müstəqillik ideallarını nəsildən-nəslə ötürən müqəddəs gündür. Bu gün xalqımız üçün yalnız bir bayram deyil, həm də dövlətçilik ruhunun, milli kimliyimizin və birlik ideyasının təntənəsidir. Hər dəfə üçrəngli bayrağımız azad torpaqlarımız üzərində dalğalananda xalqımız bir daha dərk edir ki, bu rəmz sadəcə keçmişin mirası deyil, gələcəyin parlaq və sarsılmaz zəmanətidir.

Leyla Hüseynova

YAP Yasamal rayon təşkilatı AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər