PDF Oxu

Siyasət

  • 1 126

Dövlət Bayrağı Günü milli qürur və vətənpərvərlik günüdür

image

Azərbaycan xalqı üçün 9 Noyabr tarixi xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət bayrağı xalqımızın müstəqilliyinin, azadlıq iradəsinin, milli qürurunun və dövlətçiliyimizin rəmzidir. Bayraq hər bir vətəndaş üçün müqəddəsdir, çünki o, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və milli birliyini təcəssüm etdirir.

Azərbaycan Respublikasının üçrəngli bayrağı ilk dəfə 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən qəbul edilmişdir. Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri dərin mənaya malikdir: mavi – türk mənşəyimizi, qırmızı – müasirlik və inkişaf yolunda irəliləyişi, yaşıl isə – islam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Ağ aypara və səkkizguşəli ulduz isə xalqımızın milli və mənəvi dəyərlərinin simvoludur.

1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra üçrəngli bayrağımız yenidən dövlət rəmzi kimi qəbul olundu. Bu qərar xalqımızın azadlıq ideallarına sadiqliyinin və tarixi irsinə hörmətinin bariz ifadəsi idi. Hər il 9 Noyabrda Azərbaycan xalqı bu müqəddəs rəmzə olan sevgi və ehtiramını nümayiş etdirir.

Müstəqil Azərbaycanın inkişafında və dövlət atributlarının qorunub ucaldılmasında möhtərəm Prezident, ölkə başçısı cənab İlham Əliyevin xüsusi rolu vardır. Onun rəhbərliyi ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı dünyada tanınan, beynəlxalq tədbirlərdə və zirvələrdə dalğalanan bir rəmzə çevrilib. Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda – Dənizkənarı Milli Parkda ucaldılmış Bayraq Meydanı müasir Azərbaycanın gücünü, birliyini və qürurunu təcəssüm etdirir. Bu möhtəşəm meydan həm də dövlətçiliyimizin əzəmətini dünyaya nümayiş etdirən bir abidədir.

Dövlət rəhbəri cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan bayrağı hər bir vətəndaş üçün ən uca dəyərdir və onu qorumaq, yüksəltmək hər bir azərbaycanlının müqəddəs borcudur. Məhz bu ideya 2020-ci ildə Vətən müharibəsində əsgərlərimizi irəli aparan mənəvi qüvvəyə çevrildi. Şanlı Ordumuz azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaldaraq dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Bu, xalqımızın tarixində əbədi qalacaq bir qələbədir.

Bu gün üçrəngli bayrağımız ölkəmizin hər yerində, məktəblərdə, dövlət idarələrində, beynəlxalq arenalarda qürurla dalğalanır. O, Azərbaycan xalqının birliyinin, azadlığının və müstəqilliyinin simvoludur. 9 Noyabr – Dövlət Bayrağı Günü yalnız bir tarix deyil, həm də milli qürur və vətənpərvərlik günüdür.

Nazim BÜNYATOV

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər