“Prezident İlham Əliyev Naxçıvana təyin edilən yeni səlahiyyətli nümayəndəni və bir sıra rayonların icra hakimiyyəti başçılarını qəbul edərkən etdiyi çıxış, ölkənin idarəçilik fəlsəfəsində və regional inkişaf kursunda mühüm məqamları özündə ehtiva edir. Ölkə başçısının səsləndirdiyi fikirlər idarəçilik üçün vacib yol xəritəsi və davranış kodekslərini özündə ehtiva edir. Bu mənada dövlət başçısı həm məmur korpusu üçün yeni davranış standartlarını müəyyənləşdirir, həm də regionlarda sosial-iqtisadi inkişafın növbəti mərhələsinin əsas prioritetlərini bəyan etmiş olub.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, cənab Prezidentin bu çıxışı inzibati tapşırıqlarla yanaşı son illərdə aparılan genişmiqyaslı islahatların məntiqi davamı kimi də izah olunur: “Sözsüz ki, Prezidentin vurğuladığı birinci istiqamət məmur fəaliyyətinin mahiyyəti ilə bağlıdır. O, yeni təyin olunan rəhbərlərə göstərilən etimadın yalnız əməli fəaliyyətlə doğruldula biləcəyini bəyan edib. Xüsusilə qeyd edilir ki, hər bir məmur xalqa xidmət etməli, insanların yanında olmalı və vətəndaşlarla müntəzəm təmas saxlamalıdır. Bu yanaşma son illərdə dövlət idarəçiliyində formalaşdırılan xidmət yönümlü dövlət konsepsiyasının mahiyyətini özündə ehtiva edir. Eyni zamanda, məmur davranışı ilə yalnız iş prosesində deyil, gündəlik həyatda da nümunəvi olmalıdır. Prezidentin məmur və ailə üzvlərinin sosial davranışına dair tələbləri dövlət nümayəndəsinin şəxsi nümunəsinin cəmiyyət üçün əhəmiyyətini bir daha önə çıxarır”.
Deputat bildirib ki, dövlət başçısı bəzi məmurların təkəbbürlü davranışlarını, özlərini cəmiyyətdən üstün tutmalarını və qanunsuz yollarla varlanma meyillərini açıq şəkildə tənqid etməsi verilən mühüm mesajdır: “Burada mərkəzi və yerli icra orqanları arasındakı vahid əlaqə, heç bir qanunsuz tələbin və tapşırğın olmaması diqqəti çəkir. Məhz ölkə başçısının da vurğuladığı kimi mərkəzi icra orqanlarında çalışmış bəzi yüksək vəzifəli şəxslərin regional məmurlara qanunsuz tapşırıqlar verməsi kimi faktları diqqətə çatdırması da olduqca önəmli amildir. Bu əslində dövlət səviyyəsində korrupsiya mexanizmlərinin kökündən sıradan çıxarılmasına yönəlmiş mühüm mesajdır”.
Sevinc Hüseynova hesab edir ki, Prezidentin nitqində ölkənin sosial-iqtisadi inkişafı sahəsində son illərdə əldə edilən nailiyyətlər geniş şəkildə təqdim edilib: “Elektrik enerjisi infrastrukturunun tam modernləşdirilməsi, magistral yolların müasir standartlara uyğunlaşdırılması, kənd yollarının böyük hissəsinin təmiri, içməli su və suvarma layihələrinin icrası — bütün bunlar regionların inkişafında keyfiyyət çevrilişinin baş verdiyini göstərir. Xüsusilə elektrik enerjisi təminatı məsələsində işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuğun ölkə iqtisadiyyatına yeni potensial yaratdığı vurğulanıb.
Təbii ki, bu gün ölkəmizdə böyük uğurla həyata keçirilən sosial infrastruktur layihələri də diqqət mərkəzindədir. Ölkəmizdə müasir xəstəxanaların, məktəblərin, idman obyektlərinin tikilməsi dövlət büdcəsi hesabına həyata keçirilən böyük investisiya siyasətinin nəticəsidir.
Bütün bunların fonunda cənab Prezidentin vermiş olduğu tapşırıqlar yerli rəhbərlərin birbaşa məsuliyyətinin artırılması və ictimai etimada söykənən idarəçilik modelinin konsespsiyasını əhatə edir”.