Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin müasir mərhələsini, onların siyasi, iqtisadi, mədəni və geosiyasi konturlarını dolğun şəkildə açır. Müsahibədə dövlət başçısı təkcə iki ölkə arasındakı qardaşlıq əlaqələrinin hazırkı səviyyəsini deyil, həm də gələcək inkişafın istiqamətlərini izah edir. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarixən möhkəm təməllərə malik olub, bu gün isə ali səviyyədə strateji müttəfiqlik, dərin siyasi yaxınlıq və qarşılıqlı etimad üzərində qurulur. Prezidentin müsahibəsində bu etimadın kökləri, onun nəticələri və perspektivləri xüsusilə geniş şəkildə təsvir edilir.
Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycan Mərkəzi Asiya ilə inteqrasiyanı strateji xətt kimi görür və bu istiqamətdə Özbəkistan xüsusi yer tutur. Tarixi-mədəni oxşarlıqlar, türklük bağları, dini yaxınlıq, ən əsası isə qarşılıqlı hörmət və siyasi sabitlik iki ölkə arasında münasibətləri sıradan diplomatik əlaqələrdən çox-çox yuxarı səviyyəyə daşıyır. Dövlət başçısı vurğulayır ki, Xəzər dənizi coğrafi ayrılıq yox, əksinə, Azərbaycan ilə Özbəkistan arasında əlaqələri birləşdirən təbii körpüdür. Bu körpünün üzərində isə son illər ərzində böyük enerji, logistika, nəqliyyat, ticarət və mədəni əməkdaşlıq layihələri reallaşdırılır. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir: "Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır" deyən İlham Əliyev vurğulayb ki, son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və İlham Əliyev də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olub.
Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
İqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur və onun səviyyəsinin daha da artmasına kömək edir. Prezident bildirib ki, hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri