PDF Oxu

Siyasət

  • 1 046

Tariximizdəki qürur günlərindən biri

image

“Ötən əsrin sonlarından etibarən imperiya cəlladlarının himayəsi ilə Ermənistan bölgəni ardıcıl şəkildə separatizm ocağına, qanlı münaqişələr poliqonuna çevirdi. Beynəlxalq hüququ açıq şəkildə tapdalayan Ermənistan hakimiyyəti torpaqlarımızı işğal etməklə yüz minlərlə insanı doğma yurdundan didərgin saldı. Törədilən vəhşiliklər, dinc əhaliyə qarşı həyata keçirilən zorakılıq və amansız qətliamlar XX əsrin sonunun ən dəhşətli faciələrindən birinə çevrildi. Qarabağ və ətraf rayonların ardınca 1993-cü il 23 iyulda əsrarəngiz yurd yerimiz olan Ağdam da eyni taleyi yaşadı, rayonun 73 faizi işğal olundu. Ağdamın qədim mədəni irsi, yaşayış məskənləri, məscidləri, qəbiristanlıqları viran edildi, şəhər sözün əsl mənasında yerlə yeksan olunaraq “Qafqazın Xirosiması”na döndü.” Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, işğalçı Ermənistan beynəlxalq öhdəliklərə məhəl qoymadan illər boyunca Ağdam rayonunun coğrafi adlarını dəyişdirmiş, bölgəni sistemli şəkildə talan etmiş və bənzəri görünməmiş vəhşiliklərə əl atmışdı. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və bununla da təkcə döyüş meydanında deyil, diplomatik masada da ağır məğlubiyyətə uğradı. 10 noyabr bəyanatının müddəalarına əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi Azərbaycana qaytarıldı. Beləliklə, Ermənistan təkcə hərbi cəbhədə yox, siyasi arenada da rüsvayçı şəkildə geri çəkildi. Bu şanlı qələbənin memarı Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü ölkəmizdə hər il xüsusi qeyd olunur. Bu tarix Azərbaycan xalqı üçün həm Ağdamın azad olunduğu tarixin yaddaşı, həm də ölkəmizin gücünü və iradəsini nümayiş etdirən qürur günüdür.
İşğaldan dərhal sonra Prezident İlham Əliyevin iradəsi ilə düşmənin xarabalığa çevirdiyi Ağdam yenidən quruculuq meydanına çevrildi. Ağdam şəhərinin Baş Planı işğaldan azad edilmiş rayonlar arasında ilk təsdiqlənən sənəd oldu. Bu plana əsasən şəhər azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək və burada təxminən 100 min soydaşımız yaşayacaq.
Dövlətimiz dağıntılar üzərində müasir şəhər salmaq məqsədilə əzmlə çalışır. “Böyük Qayıdış” proqramı çərçivəsində kəndlər bərpa olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri fəaliyyətə başlayır və infrastruktur layihələri icra edilir. Eyni zamanda düşmənin xaincəsinə basdırdığı minalar təmizlənir, Ağdam təhlükəsiz və müasir şəhər kimi yenidən qurulur.
Deputat sonda bildirib ki, uzun illər işğal altında qalan və kütləvi şəkildə dağıdılan Ağdam bu gün doğma sakinlərinin, bu torpaq üzərində yaşama haqqına malik insanların əhatəsindədir. Azərbaycan Prezidentinin qətiyyəti və diplomatik zəfəri sayəsində azad edilmiş Ağdam sürətlə dirçəlir və eyni qətiyyətlə geniş inkişaf meydanına çevrilir, tezliklə isə müasir, gözəl bir şəhər kimi bütün dünyaya nümunə olacaq.

Digər xəbərlər