PDF Oxu

Siyasət

  • 926

YAP-ın təsis konfransının fəaliyyət planı

image

21 noyabr 1992-ci il əlamətdar günlərdən biri kimi yadda qalır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə həmin gün Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının ilk təsis konfransı baş tutur. Təsis konfransı Azərbaycan üçün dönüş nöqtəsi idi. Çünki həmin dövrdə həm siyasi arenada, həm də ictimai aləmdə vəziyyət elə də ürəkaçan deyildi. Hakim dairələrin yarıtmaz siyasəti, torpaqların işğalı, cəmiyyətin getdikcə tənəzzülə doğru sürüklənməsi kimi hadisələr ölkədə güclü xaos yaratmışdı. Belə bir vəziyyətdə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının ilk təsis konfransını təşkil etməsi əlamətdar hadisə idi.

Ölkədəki acınacaqlı vəziyyətdən qurtulmağa çalışan cəmiyyətin xüsusi üzvləri Ulu Öndər Heydər Əliyevin ətrafına toplaşaraq, ona bu işdə dəstək olub, Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edirlər. 1992-ci il noyabrın 21-də təşkil edilmiş təsis konfransında 550 nəfərdən ibarət təşəbbüs qrupu iştirak edirdi. Təsis konfransının ardınca 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyi tərəfindən Yeni Azərbaycan Partiyası rəsmi qeydiyyata alınır.

1993-cü ildə Yeni Azərbaycan Partiyasının “Yeni Azərbaycan” adlı qəzetinin ilk sayı da çapdan çıxır.

Təsis konfransının Bakıda keçirilməməsinin səbəbi ölkədəki iqtidar yönümlü insanların buna əngəl olması ilə əlaqədar idi. Bütün maneə və problemlərə baxmayaraq, Yeni Azərbaycan Partiyası qısa zamanda ümumxalq partiyasına çevrilərək, ətrafına kifayət qədər üzv toplamağa nail olur.

Yeni Azərbaycan Partiyası qısa zamanda özünün Nizamnamə və Proqramını hazırlayaraq fəaliyyətə başlayır və beləliklə, ölkədə vətəndaş hüquqlarını qoruyan mühüm siyasi partiyaya çevrilir.

1993-cü il iyun ayının 9-da Ümummilli Lider Heydər Əliyev Naxçıvandan Bakıya gəlir. 1993-cü il iyun ayının 15-də isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri təyin edilir. Həmin il oktyabr ayının 3-də Heydər Əliyev xalq tərəfindən Prezident seçilir.

1993-cü ildə Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi, 1995-ci ildə isə parlament seçkilərində qalib gəlməsindən sonra ölkədə güclü partiyaya çevrilir.

1995-ci ildə partiyanın qadınlar təşkilatı əsasında Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası, gənclər təşkilatı əsasında isə Gənclər Birliyi təşkilatı yaradılır.

Ulu Öndər Heydər Əliyev YAP-la əlaqədar olaraq qeyd edir ki: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Ümummilli lider Heydər Əliyevin bu fikirləri YAP-ın gələcək strategiyasını müəyyən edir, onun rəhbərliyi dövründə partiya demokratik dəyərlərə, sosial ədalətə və milli maraqlara əsaslanan siyasi təşkilat səviyyəsinə yüksəlməyə nail olur.

2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyev təyin edilir. Bu günə kimi YAP-ın sədri Cənab Prezident İlham Əliyevdir.

YAP-ın fəaliyyəti haqqında geniş məruzə edən Cənab Prezident İlham Əliyev partiyanın möhkəm dayaqlar üzərində qurulduğunu və əsasının olduğunu qeyd edərək, yeni forma axtarışlarında olduqlarını qeyd edərək, fikrini bu cümlələrlə tamamlayır: “Bu, bizə imkan verəcək ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasında daim üstünlük təşkil etsin”.

2021-ci il mart ayının 5-də 6 partiyanın birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayda qəbul edilir. Qəbul edilmiş qərara əsasən Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Yurddaş Partiyası və nəhayət, Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyası ətrafında birləşirlər.

Yeni Azərbaycan Partiyasının proqramı dövrün çağırışlarını və aktual məsələlərini nəzərə alaraq tərtib edilmişdir. Buna görə də YAP innovativ inkişaf, şəffaflıq və inklüziv cəmiyyət quruculuğu istiqamətində öz fəaliyyətini davam etdirərək, Ulu Öndər Heydər Əliyevin irsinin yüksəlməsinə töhfə verir. Bununla əlaqədar Cənab Prezident İlham Əliyev qeyd edir ki: “Ulu öndərin baxışları real konkret proqramlarda öz əksini tapmışdır. Bizim ideologiyamızın formalaşması çox mühüm məsələ idi. Çünki biz onilliklər ərzində Sovet İttifaqının tərkibində yaşamışdıq. Əlbəttə, ideoloji çərçivələr çox məhdud idi. Yeni, gənc müstəqil ölkəmizin ideoloji əsaslarının formalaşdırılması məsələsi çox böyük əhəmiyyət kəsb edirdi”.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı,

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi

Digər xəbərlər