Azərbaycanın müasir tarixində əhəmiyyətli dönüş nöqtələrindən biri olan 21 noyabr 1992-ci il yalnız siyasi proseslərin deyil, həm də milli şüurun möhkəmlənməsində mühüm rol oynayan bir gündür. Həmin tarixdə keçirilmiş təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Bu, yalnız siyasi qərar deyildi – xalqın xilası üçün atılmış cəsur və məsuliyyətli addım idi.
XX əsrin sonunda Azərbaycan ağır sınaqlarla üz-üzə idi: ölkədə siyasi xaos hökm sürür, iqtisadiyyat çökməyə doğru gedir, torpaqların işğalı qarşısında acizlik yaşanırdı. Belə bir vaxtda ölkənin görkəmli ziyalıları və milli düşüncə sahibləri xilaskar lider Heydər Əliyevin ətrafında birləşərək yeni bir siyasi qüvvənin – Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə çıxış etdilər. Tarixə “91-lərin müraciəti” kimi düşmüş bu addım yalnız ziyalıların deyil, bütövlükdə Azərbaycan xalqının istək və iradəsinin təcəssümü idi.
Heydər Əliyevin "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" fikri partiyanın tarixi missiyasını kifayət qədər dəqiq ifadə edir. 1992-ci ildə Naxçıvanda 550 nəfərlik təşəbbüs qrupu ilə keçirilən təsis konfransında qəbul edilən qərarlar – Nizamnamə, Proqram, Siyasi Şura və İdarə Heyətinin formalaşdırılması – Yeni Azərbaycan Partiyasının həm milli həmrəyliyi, həm də siyasi islahatları önə çıxaran güclü bir siyasi qüvvə kimi cəmiyyətə təqdim olunmasına şərait yaratdı.
YAP-ın yaranması obyektiv tarixi zərurət idi. Çünki bu partiya cəmiyyətin parçalanmasının, dövlətin dağılmasının qarşısını alan liderlik institutuna çevrildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və YAP-ın siyasi xəttinin formalaşması sayəsində ölkədə sabitlik, dövlətçilik ənənələri və sosial-siyasi inkişaf müstəvisində ciddi dönüş baş verdi. YAP doğulduğu gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi və milli həmrəyliyi təmin edən əsl xalq partiyası oldu.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Prezidentin YAP-ın VII qurultayındakı sözləri bu siyasi iradənin varislik prinsipinə sadiqliyini göstərir: "Əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq."
Bu gün 730 mindən çox üzvü olan YAP yalnız ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi təşkilatıdır. Partiyanın yeni dövrə müvafiq siyasəti onun 2021-ci il VII qurultayında təsbit edilmiş Proqramında öz əksini tapıb. Proqramda Heydər Əliyev yolu, dövlətçilik, sosial ədalət, multikulturalizm kimi dəyərlər əsas baza prinsipi kimi müəyyənləşdirilib. Bu, partiyanın yalnız siyasi güc kimi deyil, milli fəlsəfi ideologiya daşıyıcısı kimi çıxış etdiyinin göstəricisidir.
Partiyanın yeni strukturunda Mehriban xanım Əliyevanın sədrin birinci müavini təyin edilməsi Azərbaycanın dövlət siyasətində qadınların rolunun güclənməsində xüsusi mərhələdir. Bu təyinat həm də YAP-ın yeniləşmə və modernləşmə kursunun tərkib hissəsidir.
YAP bu gün təkcə siyasi səhnədə aparıcı mövqedə olmaqla qalmır, həm də hakimiyyət-müxalifət dialoquna, demokratik institutlaşmaya, milli birliyə önəm verir. Prezident İlham Əliyevin dediyi kimi, “ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” – bu yanaşma partiyanın dövlətçilik məsələlərində qətiyyətli və milli mövqeyini ifadə edir.
Son illərin seçkilərində əldə olunan uğurlar (2024-cü il prezident və parlament seçkiləri, 2025-ci il bələdiyyə seçkiləri) xalqın Yeni Azərbaycan Partiyasına göstərdiyi etimadın davamlılığının təsdiqidir. YAP özünü zamanın fövqündə duran qüvvə kimi sübut edib – o, tarixdən güc alır, bu günü idarə edir və gələcəyə aparır.
Bu gün Yeni Azərbaycan Partiyası siyasi fəaliyyətini yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də müasir çağırışlara uyğun şəkildə qurur. Uğurlu diplomatik kurs, azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı, güclü iqtisadi strategiya və xalqın rifahının təmin edilməsi partiyanın strateji hədəflərinin mərkəzində dayanır.
Onun əldə etdiyi uğurlar isə təkcə hakimiyyət resursu ilə deyil, milli ideologiya, dövlətçilik iradəsi, sosial ədalət prinsipinə sədaqətlə ölçülür.
YAP-ın tarixi missiyası davam edir və bu missiya yalnız bir siyasi partiyanın deyil, müstəqil Azərbaycanın ideya yükünü daşıyan bir xəttin uğur tarixidir.
Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru