PDF Oxu

Siyasət

  • 614

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təmin ediləcək - TƏHLİL

image

Dövlət başçısının Sərəncamına əsasən, “Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” hazırlanacaq

Prezident İlham Əliyev 22 illik fəaliyyəti dövründə Azərbaycanın sürətli inkişafı və beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində misilsiz işlər görmüşdür. Onun rəhbərliyi ilə iqtisadiyyat daha da güclənmiş, regional və qlobal miqyasda Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artmış, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda qazanılan zəfərlər dövlətçilik tariximizin ən şərəfli səhifələrini təşkil etmişdir.

Təbii ki, hər bir ölkənin iqtisadiyyatı və eləcə də dünya iqtisadiyyatının inkişafı təbii ehtiyatların istehsalının səviyyəsindən asılıdır. Dünya iqtisadiyyatı üçün zəruri olan təbii ehtiyatlar müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Sənayenin dirçəlişi və məhsuldar qüvvələrin inkişafında yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir.

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb. Bu Sənəd ölkədə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədi daşıyır. Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcəkdir. Dövlət Proqramının “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının 1.1-ci bəndində nəzərdə tutulan “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsində əhatə olunmasını təmin etməlidir. Dağ-mədən (metal filizləri) və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələrin Dövlət Proqramının layihəsində nəzərə alınmasını, habelə Dövlət Proqramı çərçivəsində dəstəklənməsi mexanizminin müəyyən olunmasını təmin olunacaq.Dövlət Proqramında “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün “xammal−emal−son məhsul” dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə tədbirlərin nəzərdə tutulmasını təmin edəcək. Belə ki, elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 (yüz min) tona çatdırılması; alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 (əlli min) tona çatdırılması; Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunmasını və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisinin həyata keçirilməsini təmin olunacaq. Bütün bunlarla yanaşı, metallurgiya məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, zərurət olduğu təqdirdə əlavə torpaq sahəsinin ayrılması və elektrik enerjisinə tələbatın ödənilməsi ilə bağlı tədbirlər görüləcəkdir.

AZƏRBAYCANDA METALLURGİYANIN İNKİŞAF PERSPEKTİVLƏRİ

Qloballaşan dünyamızda dağ-mədən sənayesi hazırda aparıcı sahələrdən birinə çevrilmişdir. Bu sahənin aparıcı qolu olan metallurgiyanın Azərbaycanda qədim ənənələri olmuşdur. Ölkəmizin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammaldan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətləri və bəzək əşyalarının tapılması bu ərazidə hələ eramızdan əvvəl dağ-mədən işlərinin aparılmasına dəlalət edir. Buna görə də haqlı olaraq Azərbaycan qədim metallurgiyanın beşiklərindən biri hesab olunur. Mənbələrə əsasən burada orta əsrlərdə qızıl, mis və qurğuşun istehsal olunmuşdur. Dağ-mədən işləri aparılmasının sonrakı mərhələsi XIX əsrin ikinci yarısına təsadüf edir. Sənəddə qeyd olunduğu kimi, ötən illərdə həyata keçirilən islahatlar nəticəsində alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsasları formalaşdırılmış, metal filizi ehtiyatlarının bir hissəsi sənayedə istifadəyə yönəldilmişdir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə nəcib və əlvan metal yataqları üzrə sənaye hasilatı təşkil edilmiş, müasir emal infrastrukturu qurulmuşdur. Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirmişdir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır.

Eyni zamanda, mövcud mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika qərarlarının uzlaşdırılması, eləcə də dövlət−özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsi zəruridir.

Qlobal iqtisadiyyatda gedən enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın yüksəlməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının zəngin mineral ehtiyatları, rəqabətqabiliyyətli enerji təminatı, sənaye təşviqi mexanizmləri və Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər