Ötən əsrin sonlarından Ermənistanın həyata keçirdiyi işğal siyasəti və separatizm hərəkətləri Azərbaycanın Qarabağ bölgəsini qanlı münaqişələr meydanına çevirdi. Beynəlxalq hüququ kobud şəkildə pozan bu işğal siyasəti yüz minlərlə azərbaycanlını doğma yurd-yuvalarından didərgin saldı. 1993-cü il 23 iyul tarixində Ağdamın 73 faizi işğal edildi, şəhər “Qafqazın Xirosiması” adlandırıldı. Qədim mədəni irs, yaşayış məskənləri, məscidlər və qəbiristanlıqlar yerlə yeksan edildi, bu dağıntılar Azərbaycan xalqının yaddaşına dərin iz buraxdı.
44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini və diplomatik üstünlüyünü göstərdi. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ağdamı döyüşsüz azad etdi. 2020-ci il noyabrın 20-də şəhər və ətraf kəndlər Ermənistanın işğalından azad edildi. Bu tarixi qələbə yalnız ərazi geri qaytarılması deyildi, həm də xalqımızın milli qürurunun, iradəsinin və hüquqlarının bərpası demək idi. 20 noyabr tarixi Prezident İlham Əliyevin sərəncamı ilə “Ağdam şəhəri günü” kimi təsis olunaraq hər il təntənəli şəkildə qeyd olunur.
İşğaldan azad olunmuş Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin 2022-ci ildə təsdiqlədiyi Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı şəhərin gələcəyini müəyyən edən strateji yol xəritəsidir. Bu plana əsasən şəhərdə beş məhəllə konsepsiyası üzrə tikinti işləri həyata keçirilir. Yaşayış binaları, məktəblər, körpələr evi, parklar və yollar inşa olunur. 2025-ci ilin oktyabrına qədər 825 ailə – 3318 nəfər – doğma torpaqlarına qayıdıb, Böyük Qayıdış proqramının simvol şəhəri kimi Ağdam yenidən canlanır.
Ağdamın iqtisadi həyatı da sürətlə bərpa olunur. Əsasını işğaldan azad olunan ilk illərdə qoyulan Ağdam Sənaye Parkı regionun iqtisadi mərkəzinə çevrilib. 190 hektarlıq ərazidə 28 sahibkarlıq subyekti fəaliyyət göstərir və 938 nəfər daimi işlə təmin olunub. Bu, sadəcə iqtisadi inkişaf deyil, Qarabağın həyat damarlarının bərpasıdır. Eyni zamanda Muğam Mərkəzi, Zəfər Muzeyi, İşğal Muzeyi, İmarət Kompleksi və Şahbulaq qalası kimi mədəniyyət obyektləri yeni həyat qazanır.
Bu gün Ağdamda dəmir yolu, avtovağzal kompleksi, yeni yaşayış massivləri, məktəblər, mehmanxanalar, su anbarları və enerji infrastrukturu ardıcıl şəkildə istifadəyə verilir. Hər açılış və hər layihə Prezident İlham Əliyevin sözlərindəki qətiyyəti bir daha təsdiqləyir: “Biz Ağdamı dirçəldəcəyik, bərpa edəcəyik, onu əvvəlkindən də gözəl edəcəyik.” Küləklər artıq dağıntıların səsi ilə deyil, yenidən qurulan həyatın nəfəsi ilə əsir. Ağdam bu gün Zəfərin, Dirçəlişin və Böyük Qayıdışın şəhəri kimi Azərbaycan xalqına həm tarixini, həm də gələcəyini simvolizə edir.
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri