Samux rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “YAP müstəqilliyimizin dönməzliyinin təminatçısıdır” adlı tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
Daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının tarixindən və keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. O bildirib ki, YAP-ın bu gün beynəlxalq aləmdə nüfuzlu siyasi təşkilatlardan birinə çevrilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya yeni-yeni nailiyyətlər əldə edir və bu uğurların zirvəsində Azərbaycanın tarixi Zəfəri dayanır.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxışında tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə təbrik edib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqilliyimizin dönməzliyinin təmin olunmasında həlledici rol oynayıb. F.Əliyev 2020-ci ildə əldə olunmuş şanlı Zəfəri və 2023-cü ildə suverenliyin tam bərpasını xalq-iqtidar birliyinin, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin nəticəsi kimi səciyyələndirib.
Samux şəhər 3 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Nuridə Həsənova qeyd edib ki, Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz siyasi qüvvədir. O, partiyanın ölkənin əldə etdiyi uğurlara verdiyi töhfələrdən bəhs edib.
Tədbirin sonunda partiyanın ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman təqdim olunub. Partiyaya yeni üzv qəbul edilən şəxslərə isə üzvlük vəsiqələri verilib.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.Tədbir Samux Rayon Mədəniyyət Şöbəsi kollektivinin təqdim etdiyi bədii proqramla başa çatıb.