PDF Oxu

Siyasət

  • 1 451

“Böyük Qayıdış”ın uğurlu perspektivləri

image

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan 5 gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.Həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, həmin şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Kəlbəcər, Azərbaycan xalqının tarixi və mədəni irsinin zəngin olduğu bir bölgədir. Dağlarla əhatə olunmuş və gözəl təbiəti ilə tanınan bir yer olub, çox sayda tarixi abidələrə, məscidlərə və təbiət mənzərəsinə, təbii sərvətlərə sahibdir. Kəlbəcərin yerləşdiyi ərazi həm də Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən biridir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin ərazisinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.Bu baxımdan, şəhərin işğalı, yalnız yerli əhalinin yox, bütün Azərbaycan xalqının böyük bir itkisi idi. Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.Erməni vandalları işğal etdikləri bütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də talançılıq ediblər. İşğal nəticəsində rayonun bütün infrastrukturu talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Cenevrə Konvensiyasının prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanmışdır. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən sonra, azad olunmuş bütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcər rayonunda da möhtəşəm bərpa-quruculuq işlərinə start verildi. İşğaldan sonra ilk dəfə 2021-ci il avqust 16-da Kəlbəcərə səfər edən Ali Baş Komandan bu şəhərdə də Azərbaycan bayrağını şəxsən özü qaldırdı. Həmin tarixi gündən sonra keçən müddət ərzində cənab Prezident İlham Əliyev Kəlbəcərə çoxsaylı səfərlər etmişdir ki, bu səfərlərin də hər biri önəmli hadisələrlə əlamətdar olmuşdur. 2026-cı ilədək rayon ərazisində 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək. Yaxın vaxtlarda Kəlbəcər şəhərinə ilkin olaraq 5 min nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 min nəfərə yaxın məcburi köçkünün qayıdışı nəzərdə tutulur. Rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində xalqımızın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər