44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbənin nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 25 noyabr 2020-ci ildə Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirmişdir: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.” Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq: “Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır”.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Şəhərin işğala qədərki son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, 1 reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək. Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Birinci mərhələdə buraya 201 ailə köçürülür. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Prezident İlham Əliyev 2025-ci avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etdi. Bu günədək Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb.
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. İşğala qədər Kəlbəcər rayonunun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Kəlbəcər son beş ildə doğma sakinlərinə qovuşan 6 şəhərdən biridir. Böyük Qayıdış Proqramına uyğun olaraq bütün işlər ardıcıllıqla yerinə yetirilir. Son beş ildə görülən işlər qarşıdakı dövrün təqdimatıdır. Kəlbəcər cənnət məkana çevrilir.
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri