25 noyabr ən yeni tariximizdə xüsusi əhəmiyyət daşıyır. 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bununla da ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpası tarixində mühüm mərhələ yarandı. Kəlbəcərin işğaldan azad olunması xalqın birliyinin və tarixi ədalətin simvoludur. Həm coğrafi, həm də mədəni baxımdan əvəzsiz rol oynayan Kəlbəcər Azərbaycanın qərb bölgəsində yerləşən, dağlıq relyefi, zəngin təbii sərvətləri və əzəli-tarixi irsi ilə seçilən strateji rayonlardan biridir. Zəngin mineral su ehtiyatları ilə tanınır. İstisu kurortu sağlamlıq və turizm baxımından böyük potensiala malikdir. Burada yerləşən Xudavəng monastrı, Qanlı körpü, kəndlərin tarixi abidələri və orta əsrlərdən qalan qalalar Kəlbəcəri Azərbaycanın mədəni xəritəsində önəmli mərkəz edir. Hərbi və siyasi baxımından strateji rayonlardan biridir.
1993-cü ilin aprel ayında işğal edilən Kəlbəcər uzun illər istər hərbi, istər humanitar və istərsə də mənəvi baxımdan ağır itkini simvolizə etmişdir. İşğal nəticəsində insanlar öz yurd-yuvasından didərgin düşmüşdür. Regionun iqtisadi, sosial və mədəni həyatı məhv olmuş, minlərlə insan məcburi köçkün vəziyyətinə düşmüşdür.
10 noyabr 2020-ci il tarixin imzalanan üçtərəfli bəyanat Azərbaycan üçün tarixi an idi. Məhz bundan sonra 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu öz sahiblərinə tam təhvil verildi. Kəlbəcər sakinləri üçün, eləcə də Azərbaycan xalqı üçün qayıdışın və milli ədalətin simvolu oldu. Azadlığın təmin edilməsi ilə bölgədə ordu, dövlət və vətəndaş birliyi nümayiş etdirildi. Xalqın və dövlətin birgə iradəsi nəticəsində uzun illərin həsrətinə son qoyuldu. 25 noyabr tarixi Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünün təmin olunması kimi qiymətləndirilir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə genişmiqyaslı bərpa və infrastruktur layihələri həyata keçirilir. Bu layihələr həm şəhərin yenidən qurulmasını, həm də regionun inkişafını hədəfləyir. Laçın-Kəlbəcər magistral yolu və Murovdağ tuneli bölgənin inkişafını təmin edir. Turizm baxımından isə Kəlbəcərin regionlararası əlaqəsini gücləndirir. Yeni yarımstansiyalar və elektrik xətləri kəndlərin enerji təminatını təmin edir. Həmçinin internet və rabitə infrastrukturu da genişləndirilir. Kəlbəcərdə məktəblərin, səhiyyə mərkəzlərinin, mədəniyyət evlərinin, ictimai obyektlərin və yeni yaşayış massivlərinin salınması sakinlərin geri dönüşünü asanlaşdırır. Görülən quruculuq işləri Kəlbəcəri bərpa etməklə kifayətlənmir, o cümlədən Azərbaycanın yeni inkişaf mərkəzlərindən biri kimi formalaşdırır.
2021-ci il avqust ayından bugünədək, yəni 2025-ci il avqust ayına qədər cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcərə səfərlər etmişlər. 3 avqust 2025-ci il tarixli səfər zamanı ilk çoxmənzilli yaşayış binaları təqdim olundu. Cənab prezidentə gələcəkdə 10.000-dən çox sakin üçün nəzərdə tutulmuş dörd yaşayış massivinin layihəsi göstərildi.
İşğaldan azad edildikdən sonra tarixi və mədəni irsin qorunması prioritet məsələlərdən biri oldu. Kəlbəcər Azərbaycan folkloru və aşıq sənətinin əhəmiyyətli mərkəzlərindən biri olub. Artıq xalq musiqisi və aşıq yaradıcılığı yenidən canlanmağa başlamışdır. AMEA, UNESCO və digər təşkilatlar vasitəsilə Kəlbəcərin arxeoloji, etnoqrafik və mədəni irsi tədqiq edilir və sənədləşdirilir.
Bu gün Kəlbəcərin azad olunması sosial-iqtisadi inkişaf üçün mühüm nümunədir. Artıq geri dönən sakinlər üçün iş yerləri və sosial təminat proqramları həyata keçirilir. Görülən bütün işlər ölkənin qərb bölgəsində dayanaqlı iqtisadi inkişafa zəmin yaradır. Kəlbəcər rayonu tarixi ədalətin bərpası, bölgənin iqtisadi və mədəni inkişafının təməli kişi xüsusi əhəmiyyət daşıyır. Kəlbəcərin işğaldan azad olunması, dövlətin gücünü, xalqın həmrəyliyini və milli iradəni dünyaya göstərmişdir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini