PDF Oxu

Siyasət

  • 956

Kəlbəcər bu gün Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini yaşayır

image

Müstəqilliyimizin möhkəmlənməmiş, dövlətçiliyin zəif vaxtında amansız düşmən havadarlarının köməyi ilə Kəlbəcəri işğal etdi. Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən strateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. Kəlbəcərin işğalı nəticəsində on minlərlə soydaşımız məcburi köçkünə çevrilmişdi. İllərdir tor­paqlarımızı işğal altında saxlayan erməni vandalla­rının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından bir neçə gün sonra, 1993-cü il aprelin 30-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirməyib. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. 2020-ci il noyabrın 10-da imzalanan birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı. 10 noyabrda Ermənistanın kapitulyasiyanı qəbul edərək imzaladığı bəyanata əsasən, Kəlbəcər bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edildi. Sözsüz ki, müzəffər Azərbaycan ordusunun gücü nəticəsində bu uğur əldə olundu. Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan işğal olunmuş ərazilərimizi tərk etsin. Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətinin nəticəsidir. Noyabrın 25-də Kəlbəcər rayonu artıq işğaldan azad olundu. İşğaldan azad olunan Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilməsi Müzəffər Ali Baş Komandan tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş qəhrəmanlarımıza göstərilən ali diqqətin təzahürüdür. Eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.

İşğaldan azad edilən digər rayonlarımız kimi Kəlbəcər də bu gün yenidən qurulur. Yeni yaşayış məntəqələri salınır. Prezident İlham Əliyevin işğaldan azad edildikdən sonra Kəlbəcərə səfərləri mühüm əhəmiyyət kəsb edib. Artıq Kəlbəcərin Yanşaq, Zallar, Zar kəndində yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Artıq Kəlbəcər “İstisu” mineral su zavodu uzun illərdən sonra yenidən bərpa edilib. Bununla da “İstisu” mineral suları yenidən öz tarixi şöhrətinə qovuşub. Rayonun enerji potensialını nəzərə alınmaqla “Çıraq-1”, “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları qurulub. Kəlbəcərə dağlıq coğrafi mövqeyini nəzərə alınaraq hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olması və buraya köçən sakinlərlə görüşündə də tarixi məqamlara toxunuldu. Dövlətimizin başçısı artıq kəlbəcərlilərin öz yurd-yuvalarına qayıtdığını və burada əbədi xoşbəxt, təhlükəsiz yaşayışları üçün güclü Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını da diqqətə çatdırdı. Sözsüz kəlbəcərlilərin öz ata-baba ocaqlarına qayıdışı təkcə bir demoqrafik bərpa deyil, həm də mənəvi ədalətin bərpasıdır. Uzun illər həsrətlə qalan insanlar evlərinə, torpaqlarına, ata-baba yurdlarına qayıdaraq bu torpağa yenidən nəfəs verirlər. Bu qayıdışla birlikdə Kəlbəcərdə həyat yenidən canlanır, kəndlər yenidən qurulur, insanlar öz gələcəklərini məhz bu torpaqda qurmağa başlayırlar.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası

Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər