Müstəqilliyimizi yeni qazandığımız dövrdə xalqın gələcək taleyinin müəyyən olunduğu ən çətin bir mərhələ, ən məsuliyyətli yol ayrıcında idik. Mövcud mürəkkəb ictimai-siyasi proseslər, ölkədaxili gərginlik, Ermənistan işğalının ağır nəticələri kimi çoxsaylı səbəblər müstəqil dövlət, azad xalq kimi gələcək mövcüdluğumuzu şübhə altına almaqda idi. Ölkə ən ağır sınaqlar ilə üz-üzə idi. Xalq üçün taleyüklü qərarların verilməsi, ciddi addımların atılmasında iradəli, qətiyyətli və təcrübəli rəhbərə ehtiyac hər an, hər məqamda hiss olunmaqda idi. Məhz belə çətin bir dövrdə xalqın ümid yeri heç şübhəsiz Ulu Öndər Heydər Əliyev idi.
1992-ci ilin oktyabr ayında ölkənin bir qrup ziyalılarının Ümummilli Liderə müraciət edərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürmələri özündə yeni mərhələyə qədəm qoyan xalq üçün zərurət və vacibliyi ehtiva edirdi. Ulu Öndər bu müraciətə razılıq verərək Azərbaycanın taleyində qəbul olunan ən vacib qərarlardan birini verdi. 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə yaradıldığı elan edildi. Ulu Öndərin siyasi meydana qayıdışı xalqın xilası, onun qələcək taleyinin müəyyən edən ən əhəmiyyətli addım oldu, ölkə stabillik və tərəqqi yoluna qədəm qoydu. Onun idarəçilik bacarığı, istedadı və təcrübəsi ilə ölkə daxilindəki hərc-mərclik, qeyri-sabit ictimai siyasi vəziyyəti aradan qalxdı, sabitlik və vətəndaş həmrəyliyinin bərpası həyata keçməyə başladı. Beləliklə, Azərbaycan dövləti yeni dövrə, inkişaf mərhələsinə qədəm qoydu. Ölkəmiz məhz Ulu Öndərin hakimiyyətə gəldiyi tarixdən etibarən dünya arenasında tanınmağa, müstəqil dövlət kimi yeni strategiya xətti ilə inkişaf etməyə başladı.
Yeni Azərbaycan Partiyasının adı Ümumilli liderimizin adı ilə bağlıdır. Bu partiya yarandığı gündən ölkədə demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiya oldu. Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişafı ilə vəhdət təşkil edir. O, çağdaş, suveren Azərbaycan dövlətinin inkişafı, misilsiz nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi yolunda dövlətimizlə qoşa addımlayır. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi bir daha Yeni Azərbaycan Partiyasının həqiqətən də ümumxalq partiyası kimi lider olduğunu sübuta yetirdi.
Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirir. Ulu Öndərin siyasi mirası olan YAP ötən 33 il ərzində təqdirəlayiq inkişaf xətti üzrə uğurlu yol qət edərək ətrafına partiya sədrinin birinci müavini, mədəniyyətimizin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi geniş və çoxşaxəli fəaliyyət, eləcə də fəal ictimai mövqeyi, xalqla sıx bağlılığı ilə sevilən Mehriban Əliyevanın timsalında minlərlə ziyalı, geniş dünyagörüşlü, bəşəri düşüncəli və vətənpərvər insanı toplamağı bacarıb. Dahi liderimizin də dediyi kimi: “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”. Əminik ki, onun sıraları hələ bundan sonra daha da genişlənəcək.
İmmiyə Zamanova
YAP Səbail rayonu Neftçilər prospekti 24 ərazi partiya təşkilatının sədri