"Mina və partlayıcı maddələr bölgələrdə həm hərbi, həm də mülki təhlükəsizlik baxımından ciddi risklər yaradır. Bu cür partlayıcı cihazlar yalnız döyüş əməliyyatları zamanı deyil, həm də müharibədən sonrakı dövrdə uzun müddət insanlar üçün təhlükə mənbəyi olaraq qalır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.Onun sözlərinə görə, əsas problemlərdən biri onların təsadüfi şəkildə aktivləşməsi və mülki şəxslərin, xüsusilə uşaqların həyatına ciddi təhlükə yaratmasıdır: "Minasızlaşdırma və təhlükəsiz ərazi planlaması məsələsində həm texnoloji, həm də təcrübəyə əsaslanan yanaşmalar tətbiq olunmalıdır. Müdafiə və xilasedici qüvvələrin səyləri bu sahədə vacibdir, lakin mülki əhali də məlumatlandırılmalı, təhlükəli ərazilərdən uzaq durmaq barədə davamlı maarifləndirilən proqramlar həyata keçirilməlidir.Qabaqlayıcı tədbirlərin effektivliyi həm ölkənin hərbi-inzibati imkanlarından, həm də beynəlxalq təcrübədən yararlanmaqdan asılıdır. Bu sahədə müasir texnologiyaların tətbiqi, dronlar və xüsusi təmizləmə qurğularının istifadəsi risklərin minimuma endirilməsində böyük rol oynayır".
Müəllif: Ziya Hikmətoğlu