Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Slovakiya Prezidenti Peter Pelleqrini ilə keçirilən görüşlər və mətbuata verilən birgə bəyanatlar qarşılıqlı əməkdaşlığın dinamik inkişafından və müəyyən olunan yeni hədəflərdən xəbər verir.
Bu səfər Slovakiya Prezidentinin dəvəti ilə həyata keçirilməsi baxımından da yüksək önəm kəsb edir və dövlətlərarası əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəri olması isə münasibətlərin strateji məzmununu daha da gücləndirir. Dövlət başçıları arasında həm geniş tərkibdə, həm də təkbətək formatda aparılan müzakirələr əməkdaşlığın yeni istiqamətlərini müəyyən edib və qarşıda duran vacib məsələlər ətrafında geniş fikir mübadiləsinə şərait yaradıb.
Slovakiya Azərbaycanın regiondakı strateji mövqeyini yüksək qiymətləndirir. Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik olan ölkəmiz Asiya ilə Avropanın kəsişməsində yerləşən mühüm tərəfdaş kimi qəbul olunur. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə isə ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə güclü stimul verib.
Gələcək əməkdaşlıq çərçivəsində müdafiə sənayesi, innovativ texnologiyalar, təhsil sahəsində tələbə mübadiləsi, turizm və mədəniyyət istiqamətlərində qarşılıqlı fəaliyyətin genişlənəcəyi gözlənilir.
Səfər zamanı Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması məsələsi də müzakirə edilib. Xüsusilə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə əldə olunan razılaşmanın bölgədə uzunmüddətli sülhə xidmət edəcəyi vurğulanıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin rolunu xüsusi qeyd edib. Məhz bu sənədin imzalanması sayəsində tərəflər arasında bütün istiqamətlər üzrə daha fəal və genişmiqyaslı əməkdaşlıq üçün zəmin formalaşıb. Energetika sahəsində birgə layihələrlə yanaşı, ötən il ilk dəfə olaraq Azərbaycan qazının Slovakiyaya çatdırılması da iki ölkə arasında əməkdaşlığın praktiki nəticəsidir. Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir ki, onların 8-i Avropa İttifaqının üzvüdür.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan uzun illərdir öz xarici siyasət prioritetlərini aydın şəkildə müəyyən edib və bu istiqamətdə ardıcıl siyasət yürüdür. Ölkəmizin Şərqlə Qərb arasında mühüm körpü rolunu oynaması, nəqliyyat və logistika infrastrukturlarına edilən böyük sərmayələr Azərbaycanı Şərq–Qərb nəqliyyat dəhlizinin ayrılmaz hissəsinə çevirib. Eyni zamanda, ölkəmiz Orta Dəhliz layihəsində etibarlı tərəfdaş kimi fəal iştirak edir və Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz marşrut məhz Azərbaycan ərazisindən keçir.
Bütün bu reallıqlar bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik və ardıcıl siyasət Azərbaycanın milli maraqlarının təmin olunmasına, beynəlxalq nüfuzunun artmasına, dost və tərəfdaş ölkələrin cərgəsinin genişlənməsinə geniş imkanlar açır.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri