Masallıda YAP-ın müşavirəsi keçirilib
Bu gün, 17 dekabr 2025-ci ildə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri və müavinlərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, ərazi partiya təşkilat sədrləri və müavinləri və partiya fəalları iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxışında xalqımızın böyük oğlu Heydər Əliyevin banisi olduğu tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının bu günə qədər keçdiyi siyasi mübarizələrlə dolu şərəfli yolundan danışıb. Bildirilib ki, dahi şəxsiyyətin üzərinə böyük bir tarixi missiya götürərək yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın tarixində çox önəmli bir hadisə oldu. Qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək “Dünənin, bu günün və gələcəyin” partiyasına çevrildi. Bu gün partiya öz sıralarında vətənini sevən və xalqına sadiq olan vətəndaşların yer aldığı partiyadır. Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan partiya ən şanlı tarixini yaşayır. Tarixin ciddi sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyası saysız-hesabsız tarixi nailiyyətlərə imza atmaqla daha da möhkəmlənib, daha da inkişaf edib. Ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin davamlı inkişafın təminatçısı kimi xalqın böyük əksəriyyətinin etimadını qazanıb.
Banisi Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə imza atdığı yeni nailiyyətlərindən söz açan Seyfəddin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası bu şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial diplomatiyasının uğurudur.
Təşkilat sədri ərazi partiya təşkilatlarının fəaliyyətindən bəhs edərək təşkilati və cari məsələlərə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. O, yeni üzvlərin qəbulu, üzvlük uçotunun düzgün aparılması, digər təşkilati məsələlərlə bağlı işlərin bundan sonra da planlı, sistemli və səmərəli şəkildə davam etdirilməsinin zəruriliyini ərazi partiya təşkilatlarının sədrlərinin diqqətinə çatdırıb.
YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov çıxış edərək Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin bu gün onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, partiyanın müasir dövrdə qarşısında duran vəzifələrdən, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətindən danışmış, partiya üzvləri ilə işin düzgün və sistemli şəkildə qurulmasının, ideoloji xəttin ardıcıl təbliğinin və yerlərdə təşəbbüskarlığın artırılmasının vacibliyindən söz açmışdır.
Daha sonra müşavirə müzakirə formatında davam etdirilib. Müzakirələr zamanı təşkilati işlərin təkmilləşdirilməsi, üzvlərlə əlaqələrin gücləndirilməsi, qarşıda duran vəzifələr və cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər dinlənilib və müvafiq tövsiyələr verilib.
ƏLİHÜSEYN ŞÜKÜROV