PDF Oxu

Siyasət

  • 425

Azərbaycan dövlətçiliyində humanizm ənənəsi - ŞƏRH

image

Azərbaycan dövlətçilik tarixində humanizm prinsipləri hər zaman xüsusi yer tutmuş, cəmiyyətin mənəvi dəyərlərinin və hüquqi münasibətlərinin formalaşmasında mühüm rol oynamışdır. Bu siyasi və mənəvi xəttin əsasını qoyan Ulu Öndər Heydər Əliyev insan amilini dövlət siyasətinin mərkəzinə yerləşdirməklə hüquqi dövlət quruculuğunda yeni mərhələnin əsasını yaratmışdır. Məhz bu strateji yanaşma bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə imzalanan əfv sərəncamları və irəli sürülən amnistiya təşəbbüsləri dövlətin cəza siyasətinin yalnız repressiv deyil, eyni zamanda tərbiyəedici və islah edici mahiyyət daşıdığını nümayiş etdirmişdir. Bu qərarlar cəmiyyətdə mərhəmət, ədalət və sosial məsuliyyət anlayışlarının möhkəmlənməsinə xidmət etmiş, minlərlə insanın həyatında dönüş nöqtəsi yaratmışdır. Ulu Öndərin humanizm siyasəti Azərbaycan Konstitusiyasının qəbulundan sonra hüquqi çərçivədə daha da sistemli xarakter almışdır.

Bu möhkəm təməllər üzərində formalaşan dövlətçilik modeli bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. Dövlət başçısı hüquqi islahatların dərinləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təminatı, cəza siyasətinin humanist əsaslar üzərində qurulmasını daim prioritet istiqamət kimi müəyyən etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən müddət ərzində 12 amnistiya aktının qəbul edilməsi və 71 əfv sərəncamının imzalanması bu siyasətin real və davamlı nəticələridir.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü isə humanizm ənənəsinin müasir dövlətçilik düşüncəsi ilə vəhdət təşkil etdiyini açıq şəkildə göstərir. Konstitusiya hüquqi dövlətin əsaslarını müəyyənləşdirdiyi kimi, suverenlik milli iradənin azad ifadəsini və dövlətin müstəqil qərarvermə qabiliyyətini təcəssüm etdirir. Bu ali dəyərlərin insan amili ilə uzlaşdırılması Azərbaycan dövlətinin gücünün mənəvi əsaslara söykəndiyini təsdiqləyir.

Amnistiya və əfv institutları Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsində sosial ədalətin təmin olunması, ailə institutunun qorunması və cəmiyyətə yenidən inteqrasiya imkanlarının yaradılması baxımından mühüm yer tutur. Xüsusilə ilk dəfə cinayət törətmiş, az ağır və ya ehtiyatsızlıqdan baş vermiş əməllərə görə məhkum olunmuş şəxslərə ikinci şans verilməsi dövlətin islahyönümlü yanaşmasının bariz nümunəsidir.

Bu siyasət eyni zamanda ictimai sabitliyin möhkəmləndirilməsinə, sosial gərginliyin azalmasına və dövlətə olan inamın artmasına mühüm töhfə verir. Humanist qərarlar cəmiyyətə açıq mesaj verir ki, Azərbaycan dövləti vətəndaşını cəzalandırmaqla yanaşı, onun islah olunmasına və düzgün yola qayıtmasına da şərait yaradır.

Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü Azərbaycan dövlətinin hüquqi gücünü mərhəmət, ədalət və sosial məsuliyyət prinsipləri ilə birləşdirən mükəmməl idarəçilik modelinin parlaq ifadəsidir.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər