“Azərbaycan Prezidentinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü növbəti hümanist addımdır. Sözsüz ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Məhz ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edildi.” Bu sözləri Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” kontekstində amnistiya təşəbbüsü eyni zamanda hüquqi dövlətçilik və humanizm vəhdətidir: “Azərbaycan Prezidentinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü ölkədə hüquqi dövlətçilik prinsiplərinə sadiqliyin, insan hüquqlarına hörmətin və cəmiyyətin sosial-humanist dəyərlər üzərində inkişafının bariz nümunəsidir. Bu addım yalnız hüquqi mexanizm kimi deyil, həm də dövlətin vətəndaşlarına münasibətində mərhəmət, ədalət və sosial məsuliyyət anlayışlarının ön planda tutulduğunu göstərən siyasi-hüquqi hadisə kimi qiymətləndirilməlidir.
Sözsüz ki, amnistiyanın hüquqi və konstitusion mahiyyəti olduqca böyükdür. Amnistiya institutu Azərbaycan Respublikasının Konstitusiyasında və müvafiq qanunvericilik aktlarında təsbit olunmuş hüquqi mexanizmdir. Onun tətbiqi dövlətin cəza siyasətində diferensial və humanist yanaşmanın mövcudluğunu nümayiş etdirir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu təşəbbüsün irəli sürülməsi xüsusi rəmzi məna daşıyır. Konstitusiya ölkədə hüquq və azadlıqların təminatçısı olduğu kimi, suverenlik anlayışı da dövlətin müstəqil qərarvermə iradəsini ifadə edir. Amnistiya məhz bu iki fundamental anlayışın vəhdətində – güclü, lakin mərhəmətli dövlət modelinin təzahürü kimi çıxış edir”.
Deputat hesab edir ki, humanizm və sosial ədalət aspekti dövlət siyasətinin mahiyyətində mühüm yer tutur: “Amnistiya aktları cəmiyyətə reinteqrasiya imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayır. Xüsusilə ilk dəfə az ağır cinayətlər törətmiş şəxslər, sosial həssas qruplara aid olan məhkumlar üçün bu cür qərarlar onların yenidən normal ictimai həyata qayıtmasına şərait yaradır. Bu, cəmiyyətin intiqam deyil, islah və sosial adaptasiya prinsipləri üzərində qurulduğunu göstərir. Dövlətin məqsədi yalnız cəzalandırmaq deyil, həm də vətəndaşın gələcəkdə qanuna hörmət edən fərd kimi formalaşmasına dəstək verməkdir.
Təbii ki, dövlət siyasətində ardıcıllıq və beynəlxalq imicin möhkəmləndirilməsi də vacib xətti təşkil edir. Azərbaycanın son illər ərzində mütəmadi olaraq amnistiya və əfv aktları tətbiq etməsi dövlət siyasətində ardıcıllığın göstəricisidir. Bu yanaşma ölkənin beynəlxalq müstəvidə hüquqi və humanist dövlət kimi imicinin möhkəmlənməsinə xidmət edir. Xüsusilə suverenliyin tam bərpa olunduğu yeni tarixi mərhələdə bu cür təşəbbüslər Azərbaycanın gücünü təkcə hərbi və siyasi aspektdə deyil, hüquqi-mənəvi müstəvidə də nümayiş etdirir.
Bu mənada Prezidentin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü hüquqi dövlətçiliklə humanizm arasında sağlam balansın qorunduğunu bir daha təsdiqləyir. Bu addım həm Konstitusiyanın ali hüquqi sənəd kimi cəmiyyətdə rolunu önə çıxarır, həm də suveren dövlətin öz vətəndaşlarına qarşı məsuliyyətli və mərhəmətli münasibətinin təzahürü kimi çıxış edir. Nəticə etibarilə, amnistiya təşəbbüsü yalnız hüquqi akt deyil, eyni zamanda dövlət–vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm ictimai-siyasi hadisədir”.
Sevinc Hüseynova vurğulayıb ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi fonunda ölkə başçısının amnistiya elan edilməsi təşəbbüsü mühüm əhəmiyyətə malikdir: “Çünki amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi isə onun mahiyyətini bir daha nümayiş etdirmiş olur. Bütün bunlar Azərbaycan dövlətinin hər zaman hümanizm prinsiplərinə sadiq olduğunu, vətəndaşın sosial rifah halı ilə yanaşı onun hüquq və azadlıqlarının təminatına vermiş olduğu yüksək önəmin bariz nümunəsidir”.