Müstəqil Azərbaycan dövlətinin güclənməsi, davamlı inkişafı və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rolu mühüm əhəmiyyət daşıyır. Onun rəhbərliyi altında ölkədə siyasi sabitlik təmin olunmuş, uzunmüddətli inkişaf strategiyaları uğurla həyata keçirilmişdir. Dövlət idarəçiliyində aparılan islahatlar şəffaflığın artırılmasına, idarəetmənin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etmişdir. İqtisadi sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkənin dayanıqlı inkişafını təmin etmişdir. Enerji sektorunda əldə edilən uğurlar qeyri-neft sektorunun inkişafına yönəldilmiş, nəticədə sənaye parkları yaradılmış, kənd təsərrüfatı və sahibkarlıq genişlənmiş, regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir. Yol, körpü, hava limanı və digər infrastruktur layihələri ölkənin bütün bölgələrinin inkişafına müsbət təsir göstərmişdir.
Sosial sahədə aparılan islahatlar vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqqı və pensiyaların artırılması, şəhid ailələri, qazilər və həssas qruplara göstərilən xüsusi diqqət dövlətin sosial yönümlü siyasətinin bariz nümunəsidir. Təhsil və səhiyyə sahəsində yeni müəssisələrin yaradılması, mövcud infrastrukturların yenilənməsi insan kapitalının inkişafına şərait yaratmışdır. Prezident İlham Əliyevin uğurlu və balanslı xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmışdır. Ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat və logistika layihələri vasitəsilə regionda mühüm strateji rol oynayır. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirərək sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verir.
Ümummilli lider müdafiə və təhlükəsizlik sahəsində bir sıra addımlar atmışdır. Beləki, ordunun modernləşdirilməsi, texniki təminatın gücləndirilməsi və zabit heyətinin peşəkarlığının artırılmasını əsas addımlarından biri olmuşdur. Silahlı Qüvvələrin inkişafı ölkənin təhlükəsizlik siyasətində mühüm yer tutmuşdur, hərbi sahəyə ayrılan investisiyalar nəticəsində ordu regionda ən güclü qüvvələrdən birinə çevrilmişdir. Diplomatik fəaliyyət də onun xidmətlərinin mühüm hissəsini təşkil edir. Azərbaycan beynəlxalq təşkilatlarda fəallığını artırmış, regional əməkdaşlıq layihələrinə qoşulmuş, Türkiyə, Avropa dövlətləri, Mərkəzi Asiya və digər regionlarla münasibətlər genişlənmişdir. Xarici siyasət ölkənin enerji resurslarını təhlükəsiz və sabit şəkildə dünya bazarına çıxarmaq məqsədi daşımışdır.
Ümumilikdə, Prezident cənab İlham Əliyevin fəaliyyəti Azərbaycan dövlətinin güclənməsinə, xalqın rifahının yüksəlməsinə və ölkənin gələcək inkişafının təmin olunmasına xidmət edir. Bu siyasət müasir və güclü Azərbaycanın formalaşması üçün möhkəm təməl yaradır.
Nərmin Azadova
“H.B. Zərdabi küç. 96” (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini