2003-cü ildən başlanan Böyük Yolun davamı müstəqillik tariximizi möhtəşəm səhifələrlə zənginləşdirir. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. 22 ildə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Uğurlarımız liderlik fenomeninin milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malik olduğunu təsdiqləyir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən böyük qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu və gələcək inkişaf üçün zəmin yaradıldı.
Ölkə Prezidenti İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Azərbaycançılıq fəlsəfəsi dövlət başçısı İlham Əliyevin siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan cənab İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalarası dialoq məkanı kimi tanındı. Azərbaycan Qərblə Şərqin qovuşağında yerləşən ölkə olaraq reallaşdırdığı layihələr, atdığı addımlar, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirdi. Bu etimadın nəticəsidir ki, 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçirilən ilk Avropa Oyunlarına ev sahibliyi etdi. İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın özünü qabarıq şəkildə büruzə verdiyi Azərbaycanın tolerantlığı belə mühüm tədbirləri həyata keçirməyə geniş imkanlar açır. Azərbaycan Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq ölkə olduğunu sübut edir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi. Azərbaycanın bu addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun daha da möhkəmləndirilməsinə yönəldi.
Uğurlarımız davamlıdır. Azərbaycan ötən il COP29 iqlim konfransına ev sahibliyi etdi. COP29-a 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatılmışdır. Karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.
Ötən il Azərbaycan, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edildi. 2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir. 3-4 iyul 2025-ci il tarixlərində Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə həmçinin, 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edildi.
Uğurlarımız qeyd etdiklərimizlə tamamlanmır. Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın bu gün üçrəngli Bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasının təqdimatıdır.
44 gün davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın malik olduğu imkanların, qüdrətinin, gücünün, xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatı oldu. Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi. Ölkəmiz yeni reallıqlar yaratdı. Ötən ilin sentyabrında suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Hazırkı dövrün əsas hədəflərindən biri ordumuzun daha da gücləndirilməsi, azad edilmiş torpaqlarımızın bərpasıdır. Hazırda bu proses sürətlə davam edir. Dövlətimizin başçısı çıxışlarında bu hədəfi açıqlayır ki, Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkün dogma yurd-yuvasına qayıdacaq.
Təbii ki, uğurlarımızın əsasında möhkəm təməl dayanır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bu günü və gələcəyi üçün inkişaf strategiyasını müəyyənləşdirməklə yanaşı, onun uğurlu icrasının davamı üçün 2003-cü ildə inamın növbəti ünvanını göstərdi. Xalqımız cənab İlham Əliyevə səs verməklə bugünkü uğurların əsasını qoydu. Qalib, bütövləşən Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə inamla addımlayacaq, uğurları, Zəfərləri ilə dünyanın diqqətində dayanacaq.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri