PDF Oxu

Siyasət

  • 1 192

Azərbaycan dövlətçiliyinin yeni mərhələsi

image

Azərbaycanın son onilliklərdə keçdiyi yol təkcə statistik göstəricilərlə ölçülən inkişaf xətti deyil. Bu yol dövlətin mahiyyətinin dəyişməsi, siyasi iradənin formalaşması və milli məqsədlərin konkret nəticələrə çevrilməsi prosesidir. Həmin mərhələ Prezident İlham Əliyevin adı ilə birbaşa assosiasiya olunur.

Bu dövrü səciyyələndirən əsas cəhət idarəetmənin situativ qərarlardan çıxaraq strateji modelə çevrilməsidir. Dövlət artıq hadisələrə reaksiya verən yox, prosesləri qabaqlayan mexanizm kimi fəaliyyət göstərir.
2024-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycanda suverenlik anlayışına yeni məzmun verdi. Seçkilərin ölkənin bütün ərazisini əhatə etməsi, o cümlədən Xankəndidə baş tutması hüquqi akt olmaqdan daha çox siyasi nəticə doğurdu. Bu fakt göstərdi ki, dövlət suverenliyi artıq kağız üzərində deyil, obyektiv reallıqdır.
Prezident İlham Əliyevin Xankəndidə səs verməsi rəmzi jestdən daha artıq məna kəsb edirdi. Bu addım Qarabağ məsələsinin tarixə çevrildiyini, separatçılığın isə siyasi baxımdan tam tükəndiyini nümayiş etdirdi.
İlham Əlyevin siyasi mövqeyinin əsas dayaq nöqtəsi xalqla qurulan birbaşa münasibətdir. Bu münasibət emosional çağırışlar üzərində deyil, ardıcıl nəticələr üzərində formalaşıb. Cəmiyyətin dövlət başçısına münasibəti məhz bu səbəbdən sabit və uzunmüddətlidir.
Xalq-dövlət münasibətlərinin bu modeli ölkənin daxili sabitliyini təmin etməklə yanaşı, xarici təzyiqlərə qarşı da möhkəm müqavimət mexanizmi yaradıb.
Müasir dövlət anlayışında əsas güc mənbəyi artıq təkcə təbii sərvətlər deyil. Prezident İlham Əliyevin siyasətində insan kapitalı xüsusi yer tutur. Elmə, təhsilə və ziyalı təbəqəsinə verilən dəyər bu yanaşmanın nəticəsidir.
Alimlərin əməyinin qiymətləndirilməsi, elmi mühitin stimullaşdırılması gələcək inkişafın intellektual bazasını formalaşdırır. Bu, qısa müddətli effekt deyil, uzunmüddətli strateji investisiyadır.
Prezident İlham Əliyevin sosial siyasəti klassik “yardım mexanizmi” çərçivəsindən kənara çıxır. Burada əsas məqsəd asılılıq yaratmaq deyil, sosial balansı qorumaqdır. Əməkhaqları, pensiyalar, həssas qruplarla bağlı qərarlar bu balansın saxlanmasına yönəlib.
Şəhid ailələri və qazilərlə bağlı siyasət isə sosial yanaşmadan daha çox mənəvi məsuliyyət anlayışına əsaslanır.
İlham Əliyev dövrünün fərqləndirici cəhətlərindən biri milli dəyərlərlə qloballaşma arasında balansın qorunmasıdır. Dövlət modernləşmə prosesini milli kimlikdən imtina etmədən həyata keçirir.
“Biz birlikdə güclüyük” çağırışı ideoloji şüar yox, cəmiyyətin müxtəlif təbəqələrini bir mərkəzdə birləşdirən siyasi formuladır.
Azərbaycanda multikulturalizm anlayışı nəzəri müstəvidə qalmır. Müxtəlif dini və etnik icmaların birgə yaşayışı dövlət siyasəti ilə tənzimlənir və qorunur. Bu model ölkənin beynəlxalq mövqeyini gücləndirən yumşaq güc elementinə çevrilib.
Azərbaycanın xarici siyasəti hansısa blokun maraqlarına uyğunlaşdırılmayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan xətt milli maraqlara əsaslanan çevik diplomatiyadır. Bu siyasət ölkəyə həm manevr imkanları, həm də strateji təhlükəsizlik qazandırıb.
Türk dövlətləri ilə münasibətlər etnik yaxınlıqdan strateji əməkdaşlığa keçib. Eyni zamanda Azərbaycan İslam dünyasında təşəbbüskar mövqeyi ilə seçilir və bu iki xətt bir-birini tamamlayır.
Qərbi Azərbaycana qayıdış məsələsi emosional ritorikadan çıxarılaraq konseptual səviyyəyə keçirilib. Burada əsas yanaşma beynəlxalq hüquq və tarixi faktlara əsaslanan uzunmüddətli strategiyadır.
2022-2026-cı illəri əhatə edən inkişaf strategiyası neft gəlirlərindən kənar iqtisadi modelin formalaşdırılmasına yönəlib. Regionların inkişafı, logistika imkanlarının genişlənməsi və qeyri-neft sektorunun gücləndirilməsi bu modelin əsas sütunlarıdır.
Qarabağ Zəfəri İlham Əliyevin siyasi xəttinin kulminasiya nöqtəsidir. Bu nəticə illərlə aparılan sistemli siyasətin və ardıcıl hazırlığın məntiqi yekunu oldu.
Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa prosesi sürəti və miqyası ilə seçilir. Burada məqsəd sadəcə tikinti deyil, tam funksional yaşayış mühitinin yaradılmasıdır. Bu yanaşma postmünaqişə təcrübəsində ayrıca model kimi dəyərləndirilir.

Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Digər xəbərlər