PDF Oxu

Siyasət

  • 2 148

22 ilin zəfər dolu uğurları

image

Bu gün son 22 ilin möhtəşəm, zəfər dolu uğurlarından danışırıq. Ümummilli Lider 1 oktyabr 2003-cü il tarixli müraciəti ilə Azərbaycanın bugünkü inkişafının əsasını qoydu. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin böyük əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev son 22 ildə hər bir vədini reallığa çevirmək üçün səylər göstərdi, mühüm addımlar atdı. Dövlətimizin başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanıb. Cənab İlham Əliyev həm Prezident, həm də Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Sədri kimi Azərbaycanın dayanıqlı inkişafını təmin etdi. Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir.22 ilin reallıqları fonunda bu mühüm məqam bir daha öz təsdiqini tapdı ki, mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır. Bu mühüm məqamı da qeyd edək ki, Prezident İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mindən artıq adda hərbi təyinatlı məhsul istehsal edilir.Azərbaycan 5 il öncə tarixi Zəfərə imza atdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulysiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. İşğaldan azad edilmiş ərazilərimizdə, Qarabağın tacı Şuşada üçrəngli Bayrağımız ucaldıldı. Ölkəmiz tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin daim müraciətlərində bu məqam xüsusi qeyd edilir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı. Cənab İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edildi.Hazırda Azərbaycan təkmil dirçəliş modelini dünyaya təqdim edir. Artıq yeni dövrə qədəm qoymuşuq. Prezident İlham Əliyev ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində, eyni zamanda, sentyabr ayında parlament seçkilərinin keçirilməsindən sonra 7-ci çağırış Milli Məclisin ilk iclasında yeni dövrün hədəflərini açıqlamışdı. Bu çağırışlar gələcək uğurlarımız barədə aydın təsəvvür yaradır. Hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin uğurla davam etdirilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına mərhələ-mərhələ qayıdışıdır. Cənab İlham Əliyev böyük əminliklə qeyd etdi ki, yeni dövr uğurla başlayır və uğurla da davam edəcək.Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın ötən illərdə qazandığı uğurlar, daim irəliyə doğru inamla addımlamasıdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atıb. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin edib, ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Digər xəbərlər