Prezident İlham Əliyev Azərbaycan xalqının etimadını qazanan və bu etimadı konkret siyasi, iqtisadi və hərbi nəticələrlə təsdiqləyən dövlət xadimidir. Onun rəhbərliyi dövründə Azərbaycan müstəqilliyini təkcə hüquqi müstəvidə deyil, eyni zamanda iqtisadi, siyasi və hərbi baxımdan möhkəmləndirmiş, regionun güclü və söz sahibi olan dövlətinə çevrilmişdir. Dövlət idarəçiliyində ardıcıllıq, prinsipiallıq və qətiyyət Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini səciyyələndirən əsas cəhətlərdir. O, xalqına arxalanan, xalqı ilə birgə qərar verən və xalqını tarixi qələbələrə aparan Liderdir.
Prezident İlham Əliyevin siyasi fəaliyyətində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik xətti əsas strateji istiqamət kimi qorunub saxlanılmışdır. Bu siyasi kurs müasir dövrün tələblərinə uyğun şəkildə zənginləşdirilərək Azərbaycanın güclü, müstəqil və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyə malik dövlətə çevrilməsinə xidmət etmişdir. İqtisadi inkişafın sürətlənməsi, sosial rifahın yüksəldilməsi, müasir infrastrukturun qurulması və ölkəmizin beynəlxalq nüfuzunun artması bu siyasətin real və ölçülə bilən nəticələridir.
Azərbaycanın enerji strategiyası Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin ən uğurlu təzahürlərindən biridir. Reallaşdırılan irimiqyaslı enerji layihələri ölkəmizi regionun əsas enerji mərkəzlərindən birinə çevirmiş, iqtisadi müstəqilliyimizi möhkəmləndirmiş və uzunmüddətli inkişaf üçün etibarlı təməl yaratmışdır. Güclü iqtisadiyyat isə güclü ordunun və güclü dövlətin formalaşmasının əsas dayağıdır.
2020-ci il sentyabrın 27-də Ermənistanın uzun illər davam edən hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində əldə edilən tarixi Zəfər, eləcə də 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmişdir. Beləliklə, xalqımızın 30 il ərzində üzləşdiyi ən ağır və taleyüklü problem öz qəti və ədalətli həllini tapmışdır.
Hazırda ölkəmizdə və regionda formalaşmış yeni geosiyasi reallıqlar bir daha sübut edir ki, düşünülmüş, qətiyyətli və milli maraqlara əsaslanan siyasət, səmərəli dövlət idarəçiliyi, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi ən mürəkkəb problemlərin həllinə imkan yaradır.
Prezident İlham Əliyev dövlət başçısı kimi 22 illik fəaliyyəti dövründə Azərbaycan xalqına verdiyi bütün vədləri ardıcıl və tərəddüdsüz şəkildə yerinə yetirmişdir. Bu möhtəşəm prezidentlik dövrünün zirvəsində isə işğal altındakı torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dayanır.
Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici mərhələsini yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. Qarabağ münaqişəsi tarixə qovuşmuş, bölgədə tamamilə yeni reallıqlar formalaşmışdır. Azərbaycan dövlətinin gücü və siyasi iradəsi sayəsində bu torpaqlara həyat yenidən qayıdır.
Prezident İlham Əliyev müharibədə göstərdiyi qətiyyət və əzmkarlığı quruculuq və bərpa prosesində də eyni ardıcıllıqla nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə mühüm infrastruktur layihələri ilə yanaşı, yaşayış kompleksləri və sosial obyektlər inşa edilərək istifadəyə verilir, yeni layihələrin təməli qoyulur. Bütün bunlar “Böyük Qayıdış” proqramının geniş və davamlı perspektivlərindən xəbər verir. Artıq yüzlərlə ailə doğma yurdlarına qayıtmış, hazırda azad edilmiş ərazilərdə 62 mindən artıq insan yaşayır. Yaxın illərdə həmin ərazilərə 140 minədək vətəndaşın köçürülməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini