"Ağdam, Füzuli, Şuşa, Laçın, Xankəndi şəhərlərində, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişhəcmli quruculuq və bərpa işləri nəinki ölkəmizdə, hətta əcnəbi ziyarətçilər arasında da müsbət heyranlıq doğurur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq proseslərini intensivliyinə və miqyasına görə 1990-cı illərdə yenidən birləşmiş Berlinlə müqayisə etmək olar: "Almaniyada, eləcə də Berlinin şərqi ilə qərbi Soyuq müharibənin sona çatmasından sonra yenidən birləşdikdən sonra aparılan geniş bərpa və quruculuq işlərinə görə şəhər 1990-cı illərdə Avropanın ən böyük tikinti meydançası hesab olunurdu. Bu gün desək, Ağdam və Şuşa nəinki regionda və Avropada, ərazisinin genişliyinə görə hətta qlobal miqyasda ən böyük tikinti meydançalarıdır desək, yanılmarıq.Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsini bir neçə aktual faktor prizmasından şərh etmək yerinə düşər. “Şəhərsalma və Memarlıq İli”nin elan olunması göstərir ki, Azərbaycan bu mövzulara yalnız nəzəri maraq göstərmir, əksinə, onları real təcrübə üzərindən təqdim edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər Ümumdünya Şəhərsalma Forumu – WUF-un əsas konseptual xətti ilə tam üst-üstə düşür. Bu mənada “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın WUF13-də irəli sürdüyü tezislərin daxili siyasətdə institusionallaşdırılması kimi qiymətləndirilə bilər. Azərbaycan burada yalnız müzakirə iştirakçısı deyil, real təcrübə təqdim edən aktor kimi çıxış edir.Prezident İlham Əliyevin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan etməsi bu qərarı təkcə simvolik təşəbbüs deyil, strateji məzmun daşıyan dövlət siyasəti kimi dəyərləndirməyə əsas verir. Xüsusilə bu qərar Şərqi Zəngəzur və Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri fonunda çoxqatlı məna kəsb edir. Azərbaycan müharibədən sonrakı mərhələdə yalnız dağıdılmış ərazilərin bərpasını deyil, tamamilə yeni urbanizasiya modelinin qurulmasını hədəfləyir.“Şəhərsalma və Memarlıq İli” Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsini köhnənin mexaniki bərpası kimi deyil, yeninin planlı şəkildə inşası kimi təqdim edir. Burada əsas prinsip milli memarlıq ənənələrinin müasir yanaşmalarla sintezi, tarixi və mədəni irsin qorunmasıdır.Post-münaqişə dövründə Azərbaycanda prioritet yalnız infrastrukturun yenilənməsi deyil, yaşayış, idarəetmə və sosial mühitin keyfiyyətcə yenidən qurulmasıdır. “Şəhərsalma və Memarlıq İli” plansız tikintidən imtinanı, dayanıqlı inkişaf strategiyasına əsaslanan şəhərsalmanı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi önə çəkir.Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları bu ilin elan edilməsinin əsas praktik dayaqlarındandır. Bu regionlar alternativ və bərpa olunan enerji mənbələrinin geniş istifadəsi, rəqəmsal idarəetmə texnologiyaları, müasir nəqliyyat və logistika infrastrukturu baxımından Azərbaycanın pilot ərazilərinə çevrilib.Bu yanaşma Qarabağ və Şərqi Zəngəzuru yalnız bərpa olunan ərazi deyil, eyni zamanda ölkənin gələcək urbanizasiya siyasətinin sınaq və model məkanı kimi təqdim edir.“Şəhərsalma və Memarlıq İli” eyni zamanda Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. Məqsəd keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışını təmin etmək, orada uzunmüddətli, təhlükəsiz və layiqli yaşayış imkanları yaratmaqdır. Bu, dövlətin sosial sabitliyə və regional balanslı inkişafa verdiyi əhəmiyyəti nümayiş etdirir.Ümumdünya Şəhərsalma Forumu (WUF13) kontekstində “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi Azərbaycanın şəhərsalma gündəmini qlobal urbanizasiya diskursu ilə uzlaşdırır. WUF-un əsas mövzuları olan dayanıqlı şəhərlər, iqlimə davamlı urbanizasiya, post-münaqişə bərpası və inklüziv şəhərsalma Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən siyasətlə birbaşa səsləşir.Bu mənada “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın WUF13-də irəli sürdüyü tezislərin daxili siyasətdə institusionallaşdırılmasıdır. Azərbaycan burada yalnız müzakirə iştirakçısı deyil, real təcrübə təqdim edən aktor kimi çıxış edir.Beləliklə, “Şəhərsalma və Memarlıq İli” WUF13-də iştirakın sadəcə diplomatik jest olmadığını, daxili siyasətlə uzlaşan ardıcıl və məqsədyönlü strategiya olduğunu göstərir. Prezident İlham Əliyevin bu ili elan etməsi Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərin strateji çərçivəsini möhkəmləndirən, Azərbaycanın post-münaqişə dövrü inkişaf modelini beynəlxalq səviyyədə təqdim edən, müasirliklə dayanıqlı inkişafı birləşdirən çoxölçülü və uzunmüddətli dövlət siyasəti kimi qiymətləndirilə bilər".
Müəllif: Günel Fərzəliyeva