Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli özünüdərk prosesinin, dövlətçilik düşüncəsinin və qlobal miqyasda formalaşmış milli kimliyinin ideoloji ifadəsidir. Bu əlamətdar gün eyni zamanda dünya üzrə yaşayan milyonlarla azərbaycanlının ortaq siyasi iradəsini və milli məsuliyyətini əks etdirən konseptual platformadır. Həmrəylik Gününün mahiyyəti simvolik xarakter daşımır. Onun siyasi-ideoloji məzmununu azərbaycançılıq məfkurəsi təşkil edir. Məhz bu məfkurə milli kimliyi dövlətçilik maraqları ilə uzlaşdırır, azərbaycanlıları etnik, coğrafi, dini və sosial fərqlərdən asılı olmayaraq vahid ideya ətrafında birləşdirir və ümummilli həmrəyliyi qlobal səviyyədə möhkəmləndirən ideoloji əsas kimi çıxış edir. Həmrəylik Günü bir bayram olmaqla yanaşı dünya miqyasında yaşayan milyonlarla azərbaycanlının kimliyini, dövlətə bağlılığını və tarixi məsuliyyətini ifadə edən fundamental bir ideoloji xəttdir.
Milli həmrəylik anlayışı Azərbaycan xalqının tarixi taleyindən, dövlətçilik ənənələrindən və milli kimlik uğrunda apardığı mübarizədən qaynaqlanır. Azərbaycan tarixən müxtəlif siyasi sistemlərin, imperiyaların və ideoloji təsirlərin kəsişmə nöqtəsində formalaşmışdır. Bu mürəkkəb tarixi şərait xalqın milli varlığını qorumaq üçün həm fiziki, həm də ideoloji mübarizəni də zəruri etmişdir. Məhz bu mübarizənin nəticəsi olaraq azərbaycançılıq məfkurəsi formalaşmış və milli həmrəyliyin ideoloji dayağına çevrilmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu ideoloji sistemin ən parlaq ifadəsidir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların eyni mənəvi-siyasi dəyərlər ətrafında birləşdiyini, milli kimliyini qoruyaraq yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etdiyini nümayiş etdirir. Burada əsas məsələ təkcə etnik mənsubiyyət deyil, Azərbaycan dövlətinə, onun suverenliyinə, milli maraqlarına və tarixi ədalətinə bağlılıqdır. Azərbaycançılıq məfkurəsi məhz bu bağlılığı ideoloji çərçivəyə salır və milli həmrəyliyi davamlı, şüurlu və məqsədyönlü edir.
Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını formalaşdırmasıvə ona verdiyi siyasi məzmun Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyətinin formalaşmasında həlledici rol oynamışdır. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq məfkursəini dövlət ideologiyası səviyyəsinə yüksəldərək onu ölkə daxilində və qlobal dünyada yaşayan azərbaycanlılarını birləşdirən ümummilli ideya kimi təqdim etmişdir. Onun baxışlarında azərbaycançılıq harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının öz tarixi vətəninə mənəvi bağlılığını, milli məsuliyyətini və siyasi mövqeyini ifadə edirdi. Məhz bu yanaşma da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ideoloji əsasını təşkil edir.
Milli həmrəylik anlayışı diaspor fəaliyyətində də azərbaycançılıq məfkurəsi üzərində qurulur. Xaricdə yaşayan azərbaycanlılar milli maraqların müdafiəsində nə qədər təşkilatlanmış və ideoloji baxımdan vahid mövqedən çıxış edirlərsə, bu, azərbaycançılıq ideologiyasının gücünü bir o qədər aydın göstərir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu baxımdan diaspor fəaliyyətində azərbaycanlılarının milli kimlik şüurunun möhkəmlənməsi, tarixi yaddaşın qorunması və dövlətçilik maraqlarının müdafiəsi baxımından mühüm platformadır. Bu həm də konkret siyasi və ideoloji məsuliyyətdir.
Azərbaycançılıq məfkurəsi milli həmrəyliyi regional, dini və sosial fərqlərdən üstün tutaraq vahid Azərbaycan kimliyi yaradır. Bu kimlik anlayışı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə özünü daha qabarıq şəkildə göstərir. Müxtəlif ölkələrdə, fərqli siyasi və mədəni mühitlərdə yaşayan azərbaycanlıların eyni ideoloji dəyərləri bölüşməsi, milli maraqlar məsələsində ortaq mövqedən çıxış etməsi təsadüfi deyil. Bu, illər boyu formalaşdırılmış azərbaycançılıq düşüncəsinin nəticəsidir. Məhz bu düşüncə milli həmrəyliyi qlobal miqyasda mümkün edən əsas faktordur.
Müasir dövrdə qloballaşma prosesləri milli kimliklər üçün ciddi çağırışlar yaradır. Assimilyasiya, mədəni identiklik böhranı və ideoloji təzyiqlər xüsusilə diaspor mühitində milli həmrəyliyi zəiflətmək potensialına malikdir. Belə bir şəraitdə azərbaycançılıq məfkurəsi milli kimliyin qorunması və gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu strateji xəttin cəmiyyətə aşılanması, xüsusilə gənc nəsildə milli şüurun möhkəmləndirilməsi üçün mühüm ideoloji vasitədir. Bu gün azərbaycanlı gənclər üçün gələcəyə yönəlmiş məsuliyyət olduğu mesajını verir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə azərbaycançılıq məfkurəsi yeni mərhələyə qədəm qoymuş, milli həmrəylik anlayışı daha da dərinləşmişdir. Dövlət başçısının siyasətində dünya azərbaycanlılarının birliyi milli təhlükəsizlik və xarici siyasətin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu siyasətin ideoloji təzahürü kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışlarında azərbaycançılıq ideologiyasının milli maraqların müdafiəsindəki rolu ardıcıl şəkildə vurğulanır və bu, diaspor fəaliyyətinə güclü stimul verir.
Milli həmrəyliyin azərbaycançılıq məfkurəsi üzərində qurulması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində də mühüm rol oynayır. Dünya azərbaycanlıları yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılmasında, tarixi həqiqətlərin müdafiəsində və milli maraqların beynəlxalq səviyyədə müdafiə edilməsinə əvəzsiz rol oynayır. Bu fəaliyyətin ideoloji əsasında azərbaycançılıq dayanır. Əgər bu ideoloji birlik olmasaydı, diaspor fəaliyyəti parçalanmış, təsirsiz və sistemsiz xarakter daşıyardı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu birliyin qorunması və gücləndirilməsi baxımından simvolik və praktik əhəmiyyətə malikdir.
Milli həmrəylik anlayışı Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyü məsələsində xüsusilə aydın şəkildə özünü göstərmişdir. Azərbaycan xalqının tarixində əldə olunan Zəfərlər milli həmrəyliyin və azərbaycançılıq məfkurəsinin real gücünü bütün dünyaya nümayiş etdirmişdir. Bu Zəfərlər ideoloji birlik, xalq–dövlət vəhdəti və milli iradənin təntənəsidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu Zəfərlərin ideoloji təhlili və gələcək nəsillərə ötürülməsi baxımından mühüm məna kəsb edir.
Zəfər dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik azərbaycançılıq məfkurəsinin qlobal miqyasda necə işlədiyini açıq şəkildə göstərdi. Xaricdə yaşayan azərbaycanlılar müxtəlif ölkələrdəki fəaliyyəti, informasiya müharibəsində fəallıq və siyasi mövqelərin müdafiəsi ilə milli maraqlara sadiq olduqlarını nümayiş etdirdilər. Bu həmrəylik illər boyu formalaşdırılmış ideoloji şüurun nəticəsi idi. Azərbaycançılıq məfkurəsi də öz növbəsində bu şüurun əsas mənbəyi kimi çıxış etdi.
Milli həmrəyliyin əldə olunan Zəfərlərdəki rolu onu göstərdi ki, ideoloji birlik olmadan hərbi və siyasi uğur davamlı ola bilməz. Azərbaycan cəmiyyətində və dünya azərbaycanlıları arasında formalaşmış vahid mövqe dövlətin siyasi qərarlarını daha güclü, daha legitim və daha təsirli etdi. Bu baxımdan azərbaycançılıq məfkurəsi Zəfərin ideoloji təminatçısı kimi çıxış etdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə bu ideoloji təcrübənin simvolik ümumiləşməsi oldu.
Son olaraq qeyd etmək yerinə düşər ki, “milli həmrəyliyin əsasını azərbaycançılıq məfkurəsi təşkil edir”- fikri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kontekstində xüsusi aktuallıq kəsb edir. Bu məfkurə Azərbaycan xalqının keçmişini, bu gününü və gələcəyini bir ideoloji xətt üzərində birləşdirir. O, milli kimliyi qoruyur, dövlətçiliyi möhkəmləndirir və əldə olunan Zəfərlərin ideoloji əsasını formalaşdırır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə bu məfkurənin qlobal miqyasda var olmasını, inkişaf etdiyini və milli həmrəyliyin sarsılmaz təməlini təşkil etdiyini nümayiş etdirən tarixi və siyasi əhəmiyyətli gündür.
Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının məsləhətçisi