31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli kimliyinin, birlik və bərabərliyinin, tarixi yaddaşının və mənəvi gücünün təcəssümü olan ən əlamətdar günlərdən biridir. Bu tarix sadəcə təqvimdə qeyd olunan bayram deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını eyni duyğu, eyni amal və eyni Vətən sevgisi ətrafında birləşdirən mənəvi təkan nöqtəsidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün bu gün doğma torpaqla, milli köklərlə və ümumi tarixi taleyimizlə mənəvi görüş günüdür.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün formalaşması XX əsrin sonlarında baş verən mühüm tarixi hadisələrlə sıx bağlıdır. 1989-cu ilin dekabrında Araz çayı boyunca sərhədlərin sökülməsi, Şimali və Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın bir-birinə qovuşmaq arzusu xalqımızın uzun illər ərzində boğulmuş azadlıq, birlik və milli özünüdərk istəyinin açıq ifadəsinə çevrildi. Bu hadisələr Azərbaycan xalqının parçalanmış taleyinə qarşı etirazın, milli yaddaşın oyanışının və həmrəyliyin rəmzi kimi tarixə düşdü. Məhz bu ictimai-siyasi proseslərin məntiqi nəticəsi olaraq, 1991-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Bu qərar təkcə bayramın təsis edilməsi deyil, eyni zamanda dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi yolunda atılmış strateji və tarixi addım oldu.
Həmrəylik anlayışı yalnız fiziki və ya coğrafi birliyi ifadə etmir. Bu anlayış eyni dilə, mədəniyyətə, tarixə, adət-ənənələrə, milli dəyərlərə və ortaq mənəvi sərvətlərə sahib olmağın yaratdığı dərin bağlılığı özündə cəmləşdirir. 31 dekabr günü hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, özünü böyük və qədim bir xalqın ayrılmaz parçası kimi hiss edir. Bu gün xalqımızın birliyinin gücünü, milli iradəsinin möhkəmliyini və ortaq gələcək naminə bir araya gəlmək bacarığını bütün dünyaya nümayiş etdirir.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində daha da möhkəmlənmişdir. Prezident İlham Əliyev dünya azərbaycanlılarının birliyini Azərbaycanın milli gücünün və beynəlxalq mövqeyinin əsas dayaqlarından biri kimi qiymətləndirir.
Onun rəhbərliyi dövründə Azərbaycan diasporu daha mütəşəkkil, fəal və təsirli qüvvəyə çevrilmişdir. Xaricdə yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, milli maraqlarımızın müdafiəsində və ölkəmizin nüfuzunun yüksəldilməsində mühüm rol oynayırlar. Bu, Prezident İlham Əliyevin diaspor siyasətinin real və konkret nəticəsidir.
44 günlük Vətən müharibəsi dünya azərbaycanlılarının həmrəyliyini ən aydın şəkildə nümayiş etdirdi. Müharibə dövründə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın haqq işini qətiyyətlə müdafiə etdilər. Bu birlik xalqımızın milli iradəsinin və dövlətə inamının parlaq nümunəsinə çevrildi.
Bu əlamətdar gün bir daha təsdiqləyir ki, harada yaşamağımızdan asılı olmayaraq, ürəyimiz Azərbaycanla döyünür. Milli həmrəyliyimiz gücümüzdür, gücümüz isə müstəqil və qüdrətli Azərbaycanın zəmanədir.
Azad Balayev
YAP Balakən rayon təşkilatının sədri