PDF Oxu

Siyasət

  • 399

Düşünülmüş və ardıcıl idman siyasəti - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı bir daha göstərdi ki, ölkəmizdə idman sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçısının da qeyd etdiyi kimi, bu il Azərbaycan idmançıları tərəfindən qazanılan medalların sayı rekord həddə çatmışdır ki, bu da milli idman tariximiz üçün əlamətdar göstəricidir.

Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, əldə olunan bu möhtəşəm nailiyyətlər təsadüfi deyil. Son illər ərzində ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər, müasir idman infrastrukturunun yaradılması, idmançıların sosial müdafiəsinin gücləndirilməsi və onların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi bu uğurların əsasını təşkil edir.

Bu gün Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə uğurla çıxış edərək ölkəmizin bayrağını ən yüksək zirvələrdə dalğalandırır, Dövlət Himnimizi dünya arenalarında səsləndirirlər. Rekord sayda qazanılan qızıl, gümüş və bürünc medallar Azərbaycanın idman dövləti kimi formalaşdığını və beynəlxalq nüfuzunun daha da artdığını aydın şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında gənclərin idmana marağının artırılmasının vacibliyini xüsusi qeyd etdi. Çünki idman sağlam həyat tərzinin təbliği ilə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların iradəli, əzmkar və məsuliyyətli vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Bu baxımdan uğurlu idmançılarımız gənclər üçün əsl örnəkdir.

Eyni zamanda, dövlət başçısı məşqçilərin, idman mütəxəssislərinin və federasiya rəhbərlərinin əməyini yüksək qiymətləndirərək bildirdi ki, qazanılan nailiyyətlər böyük kollektiv zəhmətin nəticəsidir. Bu yanaşma Azərbaycan idmanın da sağlam idarəetmə və davamlı inkişaf modelinin mövcud olduğunu təsdiqləyir.

2025-ci il Azərbaycan idmanı üçün uğurlar və rekordlar ili kimi tarixə düşmüşdür. Qazanılan medallar Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl idman siyasətinin real nəticəsidir. Əminliklə demək olar ki, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan idmanı gələcək illərdə də yeni-yeni zirvələr fəth edəcəkdir.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər