PDF Oxu

Siyasət

  • 525

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın böyük rolu var

image

2025-ci ilin idman yekunlarına həsr olunan mərasim Azərbaycan idmanının inkişafının aydın mənzərəsini təqdim etdi. Mərasimdəki çıxışında “Ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır” deyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, bizim siyasətimizin əsas istiqamətlərindən biri gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi, əbədi olsun. Burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Cənab İlham Əliyevin çağırışlarında bu mühüm məqam xüsusi qeyd edildi ki, gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, idman da bir siyasətdir. İdmançılarımızın beynəlxalq yarışlarda iştirakı əlaqələrimizin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Həmçinin idmançılarımızın qələbələri Azərbaycanın təqdimatıdır. Qalibiyyət rəmzi olan Bayrağımızın ucaldılması, Dövlət Himnimizin səsləndirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və mövqeyini daha da möhkəmləndirir. Son beş ilin qürurverici məqamları sırasında bu reallıq xüsusi qeyd edilir ki, idmançılarımız qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanı təmsil etdikləri üçün sevinclidir, həmçinin böyük məsuliyyət daşıyırlar. Cənab İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir daha vurğuladı ki, hər dəfə idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır: “Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər”.

Qazanılan uğurlar yeni hədəflərə yol açır. Azərbaycanda idmanın inkişafı, əldə olunan uğurlar həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə idman sahəsində davamlı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının sözügedən mərasimdə qeyd etdiyi kimi, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq.

Bu gün paytaxt və bölgələrimizdə müasir idman infrastrukturu yaradılıb. Gənclərimizin idmanın bütün növləri ilə məşğul olmaları üçün bütün zəruri addımlar atılır. Bu mühüm məqamı da qeyd edək ki, ölkəmizdə qış idman növlərinin inkişafı üzrə də mühüm işlər görülür. Dövlətimizin başçısı çıxışında diqqəti 2026-cı ildə ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokuna yönəldərək bildirdi ki, bu tədbir Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur və Azərbaycanın burada da olması, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir: “Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il biz yeni traslar, yeni xizək zolaqları istifadəyə veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Amma hazırda bu, bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, - indi özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir,- bütövlükdə o bölgədə minlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb. Təkcə Şahdağ Xizək Mərkəzi bundan faydalanmır, bütün ətraf kəndlər, şəhərlər, orada işləyən, yaşayan insanların bir çoxu turizmin bu sektoruna da cəlb edilib”.

Ümumiləşdirilımiş şəkildə qeyd etsək, ötən illərdə idmanın inkişafı istiqamətində atılan addımların uğurlu nəticəsidir ki, Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilib. Bu, Azərbaycan idmanına verilən yüksək beynəlxalq qiymətin göstəricisidir. Azərbaycan beynəlxalq idman ailəsində öz mövqeyini daha da möhkəmləndirir.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Digər xəbərlər