PDF Oxu

Siyasət

  • 1 731

Qalibiyyət iradəsindən strateji gücə: Azərbaycanın söz sahibi olan dövlət modeli

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş və əhatəli müsahibə ölkənin mövcud siyasi reallıqlarını, regional və qlobal proseslərdə tutduğu mövqeni, eləcə də qarşıdakı mərhələlər üçün müəyyənləşdirilmiş strateji hədəfləri aydın şəkildə ortaya qoyan mühüm siyasi əhəmiyyətə malikdir. Bu müsahibə təkcə ötən dövrün yekunu olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf trayektoriyasının ideoloji və siyasi konturlarının cəmiyyətə açıq şəkildə təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan idarəetməsində ardıcıllıq, prinsipiallıq və milli maraqlara söykənən siyasi xətt dəyişməz olaraq qalır.

Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri ölkənin son illərdə əldə etdiyi uğurların sistemli və kompleks şəkildə təhlil edilməsidir. Dövlət başçısı bu nailiyyətlərin təsadüfi olmadığını, onların güclü siyasi iradənin, xalq–dövlət birliyinin və məqsədyönlü strategiyanın nəticəsi olduğunu xüsusi vurğulayıb. Azərbaycanın müasir tarixində yeni mərhələ açan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və suverenliyin tam bərpa olunması dövlətçilik iradəsinin, milli ruhun və peşəkar idarəetmənin bariz təzahürü kimi dəyərləndirilir. Məhz bu Qələbə ölkəni regionda və beynəlxalq müstəvidə tamamilə yeni statusa yüksəldib və Azərbaycan artıq proseslərin obyektinə deyil, subyektinə çevrilib.

Müsahibədə postmüharibə dövründə formalaşan yeni siyasi və geosiyasi reallıqların mahiyyəti də ətraflı şəkildə izah olunur. Prezident İlham Əliyev açıq şəkildə bəyan edir ki, bu gün Azərbaycan regionda qalib, güclü və söz sahibi olan dövlətdir və heç bir qüvvə bu reallıqla hesablaşmamaq şansına malik deyil. Dövlətimizin milli maraqlara əsaslanan mövqeyi beynəlxalq platformalarda qətiyyətlə müdafiə olunur, ölkənin suverenliyi və ərazi bütövlüyü mövzusu heç bir halda müzakirə predmeti ola bilməz. Bu yanaşma Azərbaycanın müstəqil siyasət kursunun ideoloji əsaslarını bir daha təsdiqləyir.

Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə müsahibədə xüsusi yer ayrılması dövlətin strateji baxışının və uzunmüddətli inkişaf konsepsiyasının göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Böyük Qayıdış proqramı təsadüfi addımlar üzərində deyil, dəqiq planlaşdırılmış, mərhələli və dayanıqlı strategiya əsasında icra olunur. Yeni yolların, hava limanlarının, enerji və kommunikasiya xətlərinin çəkilməsi, müasir yaşayış məntəqələrinin salınması, sosial və mədəni obyektlərin inşası yalnız fiziki bərpa deyil, eyni zamanda milli yaddaşın, tarixi ədalətin və suverenliyin möhkəmləndirilməsi prosesidir. Bu, dövlətin öz torpağına və vətəndaşına olan məsuliyyətinin, eyni zamanda gələcəyə hesablanmış siyasətinin bariz nümunəsidir.

Prezidentin regional və beynəlxalq siyasətlə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın balanslı, müstəqil və prinsipial xarici siyasət kursunu davam etdirdiyini aydın şəkildə nümayiş etdirir. Dövlət başçısı regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyini ön plana çəkərək, Azərbaycanın bu istiqamətdə konstruktiv və real təşəbbüslərlə çıxış etdiyini bəyan edir. Azərbaycan qarşıdurma deyil, əməkdaşlıq tərəfdarı olduğunu, lakin bu əməkdaşlığın yalnız beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsipləri əsasında mümkünlüyünü açıq şəkildə ortaya qoyur. Bu mövqe ölkənin beynəlxalq nüfuzunu daha da artırır və onu etibarlı tərəfdaş kimi tanıdır.

Müsahibədə sosial-iqtisadi inkişaf məsələlərinə verilən önəm dövlət siyasətinin humanist mahiyyətini bir daha təsdiqləyir. Prezident İlham Əliyev əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, iqtisadi dayanıqlılığın və maliyyə sabitliyinin təmin olunması məsələlərini dövlət idarəçiliyinin əsas prioritetləri kimi təqdim edir. Aparılan islahatların mərkəzində insan amilinin dayanması, sosial ədalət prinsiplərinin qorunması və gələcək nəsillər üçün möhkəm təməl yaradılması dövlətin strateji baxışının əsasını təşkil edir. Bu yanaşma Azərbaycanın inkişaf modelinin yalnız iqtisadi göstəricilərlə deyil, sosial məsuliyyət və milli dəyərlərlə də ölçüldüyünü göstərir.

Ümumilikdə, Prezident İlham Əliyevin yanvarın 5-də verdiyi müsahibə mövcud reallıqların düzgün və obyektiv qiymətləndirilməsi ilə yanaşı, Azərbaycanın gələcək inkişaf yolunun aydın və dəqiq konturlarını ortaya qoyan mühüm siyasi-ideoloji mənbə kimi çıxış edir. Bu müsahibə güclü liderlik, milli maraqlara sədaqət və strateji düşüncə sayəsində Azərbaycanın inamla irəlilədiyini, qalib dövlət kimi mövqeyini daha da möhkəmləndirdiyini və regionun aparıcı siyasi gücünə çevrildiyini bir daha təsdiqləyir.

Elnarə Mustafayeva

YAP Yasamal rayon təşkilatının sədr müavini

Digər xəbərlər