PDF Oxu

Siyasət

  • 542

Molla rejiminin hakimiyyətdə qalma layihəsi başa çatır - TƏHLİL

image

Bu gün dünyanın müxtəlif bölgələrində baş verən qarşıdurmalar fonunda əsas diqqətlər fars-molla rejiminin nəzarət etdiyi ərazilərdə baş verən amansız iğtişaşlar, xaos və anarxiyadır. Rejim bütün işgəncə vasitələrini işə salmaqla insanların azadlıq mübarizəsini əngəlləməyə, mübarizə ruhunu sıradan çıxartmağa çalışır. Əldə olunan məlumatlara və dünyanın bir sıra insan haqları təşkilatlarının yaydıqları hesabatlara görə, dekabrın 28-dən başlayan etiraz aksiyalarından bu günə qədər 800-ə qədər insan öldürülüb, 4 minə yaxın insan isə yaralanıb, minlərlə insan isə evlərindən, küçələrdən oğurlanaraq zindana atılıblar. Fransanın AFP xəbər agentliyi tərəfindən Tehrandan çəkilmiş videoda şəhərin şimal-şərqindəki Heravi rayonunda maşınların yandırıldığı və etirazçıların rejim əleyhinə şüarlar səsləndirdiyi görünür. Məşhəddəki Vekil Abad bulvarında çəkilmiş başqa bir videoda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar göstərilir.Yalınız dünən baş verən qanlı olay barədə məlumat verən Norveçdə yerləşən İnsan Hüquqları təşkilatı ölənlərin sayının 192 olduğunu bildirib. Nyu-Yorkda yerləşən İnsan Hüquqları Mərkəzi (CHRI) internetin bağlanmasından sonra şahid ifadələrinə və alınan sahə hesabatlarına əsasən yüzlərlə etirazçının öldürüldüyünü açıqlayıb. Şahidlər xəstəxanaların dolub- daşdığını, qan ehtiyatlarının kritik səviyyədə olduğunu, cəsədlərin yığıldığını və ölənlərin sayının bir neçə saat ərzində artdığını bildiriblər. Təhlükəsizlik qüvvələrinin snayperlərdən, hərbi tüfənglərdən və müşahidə dronlarından istifadə etdiyi və etirazçıların qəsdən gözlərinə atəş açıldığı bildirilib.

Aldığımız məlumata görə, fars-molla rejiminin nəzarət etdiyi ərazilərdə etirazların geniş xarakter alması səbəbindən həyat demək olar ki, dayanıb. Əksər bazarlar fəaliyyətlərini dayandırıb, mağazalar isə bağlanıb. Ərazilərdə internet bağlanıb. Bəzi ərazilərdə telefon xidməti də məhdudlaşdırılıb. Bunun rejimin etirazçılara qarşı apardığı repressiyaların bir hissəsidir. Əksər media qurumlarının veb saytları da fəaliyyətlərini dayandırıblar. Yanvarın 12-də ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, Vaşinqton iranlıların internetə çıxışını bərpa etmək üçün addımlar ata bilər, o cümlədən Starlink mobil terminallarından istifadə etməklə yaranan problem aradan qaldıra bilər. ABŞ prezidenti Donald Tramp, ölkənin qırmızı xətləri keçməyə başladığını bildirib. ABŞ ordusunun vəziyyəti yaxından izlədiyini və saatlıq hesabatlar aldığını bildirən Tramp, "Sərəncamında son dərəcə güclü seçimlər var" deyib. Tramp İranın bir gün əvvəl ABŞ ilə əlaqə saxladığını və nüvə sazişi üzrə danışıqlar aparmağı təklif etdiyini bildirib: "Biz onlarla danışa bilərik. Görüş təşkil olunur. Lakin baş verənlərə (ölkədəki nümayişlərə) görə, danışmazdan əvvəl hərəkətə keçməli ola bilərik." Tramp molla rejimi tərəfindən bəzi etirazçıların öldürüldüyünü bildirib: “Biz bu məsələyə son dərəcə ciddi yanaşırıq. Hərbçilər də vəziyyəti araşdırır və bəzi çox güclü variantları nəzərdən keçiririk. Son qərarı verəcəyik”.

“Uzun kabusunuz tezliklə bitəcək”

ABŞ senatoru Lindsi Qraham da sosial mediada fars-molla rejimin ərazilərində yaşayan xalqlara müraciət edərək Tehran rejimini təhdid edib. Təxminən 2 milyon baxış sayı toplayan paylaşımda Qrem yazıb: "İran xalqına: Uzun kabusunuz tezliklə bitəcək. Zülmə son qoymaq üçün cəsarətiniz və qətiyyətiniz prezident Tramp və bütün azadlıqsevər insanlar tərəfindən hiss edilib. Prezident Tramp "İranı yenidən böyük edin" dedikdə, İrandakı etirazçıların molla üzərində qələbə qazanması deməkdir. İranda qurban verənlərin hamısına: Allah sizi qorusun, kömək yoldadır”.

Diqqətçəkən məqam ondan ibarətdir ki, molla rejimi qəddarlığına son qoymaqdansa hadisələrin baş verməsinə görə xarici dairələri, xüsusilə də ABŞ-ı və İsraili günahlandırır. Molla rejimin parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf hədələyici tonla bildirib ki, hər hansı xarici hücum Tehranın İsrail və ABŞ-nin regional bazalarını qanuni hədəf kimi nəzərdən keçirməsinə səbəb olacaq. Baş molla Ayətullah Xamenei etirazçılarla danışıqlara gedib, üzr istəməkdənsə hədə mesajı ilə çıxış edib. Hətta utanıb çəkinmədən haqları uğrunda mübarizəyə qalxan insanları təhqir etməkdən çəkinməyib. Bildirib ki, küçələrə çıxıb, etiraz edənlər vandallardır. Bununla baş molla insanlıqdan və bəşəri dəyərlərdən uzaq məxluq olduğunu nümayiş etdirir. Tramp baş verənlərə sərt xəbərdarlıqla cavab verib: "Əgər onlar bunu etsələr, əvvəllər heç görmədikləri səviyyədə cavab verəcəyik. Onlara inanmaq çətin olacaq. Mənim ixtiyarımda son dərəcə güclü variantlar var. Buna görə də belə bir addım atılarsa, çox, çox güclü cavabla qarşılaşacaqlar".

Baş mollanın və rejimin digər rəhbər şəxslərinin məsuliyyətsiz açıqlamalarla çıxış etmələri onları son dərəcə qorxu içində olduqlarını göstərir. Az sonra onların bir -bir ərazilərdən qaçmağa çalışacaqları şübhəsizdir. Daha doğrusu, artıq baş mollanın 20-yə yaxın yaxın ətrafı ilə Moskvaya qaçmağa hazırlaşdığı bildirilir. Ancaq əminliklə demək olar ki, onların rahatlıqla ərazilərdən qaçmalarına imkan verilməyəcək və artıq formalaşmaqda olan Güney Azərbaycan Milli Hökuməti onların həbs edilərək, məhkəmə qarşısına çıxarılmasını təmin ediləcək. Bu istiqamətdə verilən məlumatlarda ümidləri artırır. Məlum olur ki, Güney Azərbaycan Milli Hökuməti ərazilərdə böyük vəhşiliklər törətmiş şəxslərin, o cümlədən baş mollanın hər bir hərəkətini diqqətlə izləyir. Yəqin ki, məqam yetişəcəyi təqdirdə onlar həbs ediləcəklər.

Təbrizdə xalq küçələrə çıxdı: “Diktatora ölüm olsun!”

Fars-molla rejimin nəzarət etdiyi ərazilərdə güneyli soydaşlarımız son sözü demək, cürük molla rejimini tamamilə məhv etmək üçün ayağa qalxıb. Dünəndən genişlənən aksiyalar bütün Güney Azərbaycanı əhatə edib. Təbriz şəhərində etiraz aksiyasına toplaşan sakinlər mövcud siyasi vəziyyətə etiraz ediblər.Aksiya zamanı qəzəbli etirazçılar “Azərbaycan şərəfdi, Xamenei bişərəfdir!” və “Diktatora ölüm olsun!” kimi şüarlar səsləndiriblər. Aksiyaların Güney Azərbaycanda daha effektli və məqsədyönlü keçirildiyini anlayan rejim Güney Azərbaycanın Təbriz, Ərdəbil və Zəncan şəhərlərinə əlavə təhlükəsizlik və hərbi qüvvələr yeriib.Günüy Azərbaycandakı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, rejimin təhlükəsizlik və hərbi qüvvələrinin müşahidə edildiyi bu şəhərlərdə kəşfiyyat idarəsinin bölgədəki bölmələri siyasi və ictimai fəallara telefonla zəng edərək onları etiraz aksiyalarına qoşulmamağa çağırırlar. Təhlükəsizlik orqanlarının nümayəndələri Güney Azərbaycanın ictimai-siyasi və mədəni fəallarını təhdid edərək onların etiraz aksiyalarında iştirakını əngəlləməyə çalışırlar. Lakin güneylilər bütün çağırışları və hədələri qətiyyətlə rədd edirlər. Onlar Güney Azərbaycan dövlətinin qurulmasında israrlı olduqlarını nümayiş etdirilər. Buna görə də, rejim azərbaycanlılara qarşı daha amansız davranır. Dünən Güney Azərbaycanlılarının fəallarından olan Yürüş Mehralıbəyli, Asif Camal, Yunus Şeybay, Macid Qulizadə və digərləri evlərindən oğurlanaraq zindanlara atılıblar. Rejim çökdükcə daha qəddar və vəhşi olur. Ancaq hər cür vəhşiliklərə, qəddarlıqlara baxmayaraq rejim milli varlıqları uğrunda mübarizəyə qalxan güneyli soydaşlarımızı öz yollarından döndərə bilməyəcək. Əksinə, insanlar daha əzm və fədakarlıqla hədəflərinə doğru irəliləyəcəklər. Artıq fars-molla rejiminin hakimiyyətdə qalma layihəsi başa çatır. Yeni, azad, demokratik dövr başlayır. Təbriz azadlığına qovuşmaq ərəfəsindədir. Güney Azərbaycan dövlət müstəqilliyini qurmaqla dünyanın bir parçası olmağa hazırlaşır. Bu yolda hər bir azərbaycanlıya, etiraza qalxan güneyli soydaşlarımıza uğurlar arzulayırıq.

İLHAM ƏLİYEV

Digər xəbərlər