Bərpaolunan enerji potensialımızın gələcək illərdə daha da artacağı artıq həm iqtisadi göstəricilər, həm də həyata keçirilən böyük layihələr fonunda öz təsdiqini tapmaqdadır. Azərbaycan uzun illərdir neft-qaz ölkəsi kimi tanınsa da, bu gün enerji strategiyasında əsas istiqamətlərdən biri məhz alternativ və bərpaolunan enerji mənbələrinin genişləndirilməsidir. Günəş, külək və hidroenerji potensialının daha səmərəli qiymətləndirilməsi, yeni texnologiyaların tətbiqi və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq ölkəmizin enerji balansını şaxələndirməklə yanaşı, daha dayanıqlı enerji sisteminin formalaşmasına imkan verir. Xızı-Abşeron, Qaradağ, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur kimi bölgələrdə həyata keçirilən layihələr gələcəkdə ölkəmizin bərpaolunan enerji istehsalını əhəmiyyətli dərəcədə artıracağını göstərir. Bu stansiyalar yalnız daxili tələbatı ödəmək üçün deyil, həm də enerji ixracını artırmaq, Azərbaycanı yaşıl enerji mərkəzinə çevirmək üçün mühüm strateji əhəmiyyət daşıyır.
Bərpaolunan enerji potensialının artması təkcə iqtisadi qazanc demək deyil, eyni zamanda ekoloji təhlükəsizliyin möhkəmlənməsi deməkdir. Karbon emissiyalarının azalması, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə bu sahədə görülən işlərin əsas hədəflərindən biridir. İşğaldan azad olunmuş ərazilərdə yaradılan yaşıl enerji zonası modeli müasir texnologiyaların tətbiqi ilə davamlı inkişafın ən yaxşı nümunələrindən biri hesab olunur. Bu sahəyə qoyulan investisiyalar yeni iş yerlərinin açılmasına, yerli mütəxəssislərin yetişdirilməsinə, elmi-tədqiqat və innovasiya fəaliyyətinin genişlənməsinə də mühüm töhfə verir. Azərbaycanın məqsədyönlü siyasəti, güclü iqtisadi bazası və enerji sahəsində qazandığı beynəlxalq etibar gələcəkdə ölkəmizin bərpaolunan enerji üzrə regionda lider mövqelərdən birini tutacağını göstərir. Bərpaolunan enerji potensialımızın artması Azərbaycan üçün yalnız bu günün deyil, həm də gələcəyin strateji üstünlüyü hesab olunur və ölkəmizin dayanıqlı inkişaf yolunda mühüm mərhələ təşkil edir.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı