Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədə çıxışı barədə.
Əsas infrastruktur məsələləri öz həllini tapmışdır.Ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bu məsələyə bir qədər toxundum, bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, - hazırda təqribən 10 min meqavata yaxındır, - eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə - bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında, - bu məsələ həll edilmiş hesab olunur, - ixrac yolları haqqında düşünürük və nəinki düşünürük, onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra, - necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, - eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır.
Ölkədə qazlaşma 96 faizə çatıbdır. Əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərləüzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi, - bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək, - Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyinigücləndirir.
Avtomobil yollarının inşası geniş vüsət almışdır. Bu gün həm magistral, həm kənd yolları, şəhərlərarası yollar - bu layihələr icra edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə dediyim bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur;
20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur.İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı